25 yaşlı Azərbaycan Fotoqraflar Birliyi

post-img

Dekabrın 1-də YARAT Müasir İncəsənət Məkanında Azərbaycan Fotoqrafları Birliyinin (AFB) 25 illik yubileyi qeyd olunub.

Tədbirdə çıxış edən Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman 162 yaşına çatmış Azərbaycan fotoqrafiya sənətinin son 25 il ərzində AFB-nin üzvləri tərəfindən dünyada tanıdılması istiqamətində gördükləri işlərdən danışıb. 

Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu sənədli filmlər çəkilən zaman AFB-nin fondundan materiallar toplandığını bildirib: - AFB-də 570 adlı kitab və jurnal saxlanılır. Meydan hərəkatı, 20 Yanvar faciəsi, Birinci Qarabağ müharibəsi ilə bağlı olan fotolar muzey arxivimizdə qorunur. YARAT-la birgə həyata keçirdiyimiz tədbirlərdən biri də "Dumanlar başımda dastana döndü" layihəsidir. Biz bundan qürur duyuruq.

Sonra fotomüsabiqənin mükafatlandırma mərasimi olub.
Mərasimdə Azərbaycan fotoqrafiya sənətinə və Azərbaycan Fotoqrafları Birliyinin uğurlu fəaliyyətinə verdiyi töhfələrə görə Regional İnkişaf İctimai Birliyi, “DiVi” şirkəti, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, “EKOL Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universitetinin Yeni Media və Kommunikasiya Fakültəsi və Memarlıq İnşaat Universitetinin İtaliya-Azərbaycan Dizayn Mərkəzi, İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, Abşeron Milli Parkı, Qobustan Milli Tarix-Bədii Qoruğu, “Azkataloq.org” saytı, Bakı Xətai Sənət Mərkəzi, Rəngkarlıq Muzeyi, Şəki Şəhər İcra Hakimiyyəti xatirə diplomu ilə təltif olunublar.

Fotoqrafiya sənətinə verdiyi töhfələrə görə Azərbaycanın Suverenliyi uğrunda canlarını fəda etmiş Şəhidlərimiz Elnur Allahverdizadə, Kamal Babayev, Üzeyir Muradov, Mehdi Abbasov, Ənvər Qaragözov, Anar Musayev, Albert Mustafayev və Şamil Asimoğlu “Ölümündən sonra” xatirə diplomları ilə mükafatlandırılıblar. 

Digər tanınmış fotoqraflara müxtəlif nominasiyalar üzrə "İlin fotoqrafı" mükafatı təqdim olunub.

Azərbaycan Fotoqraflar Birliyi (AFB) ictimai, yaradıcılıq, qeyri-kommersiya təşkilatı olub açıq cəmiyyət, könüllülük və özünüidarə prinsiplərinə əsaslanır. AFB-nin əsas məqsəd və vəzifəsi milli foto sənətini inkişaf etdirmək, ölkədə və xaricdə onun nailiyyətlərini yaymaq, foto irsimizdən yaradıcılıqla bəhrələnib onu qorumaqdır. AFB foto sənətimizin təbliği və inkişafı məqsədilə sərgilər, müsabiqələr, festivallar, ustad dərsləri və yaradıcılıq seminarları keçirir, Azərbaycan və xarici fotoqrafların iştirakı ilə konfranslar, simpoziumlar təşkil edir, həmçinin, həvəskar fotoqraflar hərəkatlarına hər cür dəstək verir. Artıq 25 yaşını qeyd edən birliyin üzvləri bu zaman kəsiyində 100-dən artıq sərginin hazırlanması işində iştirak etmişlər. 

Fidan SALMANOVA

Elşən AĞALAROV (foto)

XQ











Mədəniyyət