TÜRKSOY-un mətbuat konfransı keçirildi

post-img

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyinin və TÜRKSOYun təşkilatçılığı ilə I Beynəlxalq TÜRKSOY Teatr Festivalı çərçivəsində mətbuat konfransı təşkil olunub.

Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov çıxışında ilk dəfə reallaşan tədbirin ideya və məqsədlərindən söz açdı, festivalın işinə uğurlar arzuladı.

Sonra, TÜRKSOYun baş katibi Sultan Raev  bildirdi ki, festivalın məqsədi türk dünyası teatr sənətçilərini bir araya gətirmək, bu ölkələrdə fəaliyyət göstərən teatrların bir-birinə inteqrasiyasını təmin etməkdir. Həmçinin qeyd etdi ki, festivala iştirakçı 6 ölkədən teatrlar və münsiflər heyəti də qatılıb. 

Münsiflər heyətinin rəhbəri, sənətşünaslıq üzrə doktor, professor İsrafil İsrafilov otuz illik fəaliyyəti dövründə TÜRKSOYun ilk dəfədir ki, belə bir festival həyata keçirdiyini dedi: “Festival ilk dəfədir ki, keçirilir. Festival ərzində bir-birindən maraqlı tamaşalara şahidlik edəcəyik. Ən yaxşı tamaşaları münsiflər heyəti ilə birgə dəyərləndirəcəyik. Ümid edirəm ki, bu cür festivalların təşkili teatrların inkişafına müsbət təsir göstərəcək.

Aərbaycanın TÜRKSOY- dakı  nümayəndəsi Elçin Qafarlı isə hər 6 ölkədən festivalın müsabiqə proqramına daxil edilən tamaşaların öz ölkələrində də sevildiyini və dəyərli nümunələr sırasında olduğunu vurğuladı.

Qeyd edək ki, oktyabrın 31-dən noyabrın 4-dək Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir. 

Festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı  və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri  iştirak edirlər. 

TÜRKSOY Teatr Festivalı türkdilli xalqların zəngin mədəni müxtəlifliyini nümayiş etdirən canlı platformadır. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY tərəfindən təsis edilən və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənən bu festival Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir. 

Festival üzv ölkələr arasında mədəni mübadilənin təməl daşına çevrilərək, qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edir.

Fidan SALMANOVA
XQ

Mədəniyyət