Dünya caz ulduzlarının Bakı sürprizləri

post-img

Artıq bir həftədir ki, Bakıda XVIII Beynəlxalq Caz Festrivalı davam edir. Daha 3 gün davam edəcək festivalın sədaları Abşeronun küləklərinə, Xəzərin dalğalarına qoşularaq xoş bir ahəng yaradır. Virtuoz sənətkarların konsertləri, digər maraqlı tədbirlər musiqisevərlərin zövqünü oxşayır. 

Xatırlayırıq ki, iyul ayında paytax­tımızda V Bakı Yay Caz Günləri də uğurla keçmişdi. Xalq artisti Mirca­vad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” folk-estrada qrupu, həmçinin İsfar Sa­rabski, Ruslan Hüseynov, Etibar Əsəd­li, Elvin Bəşirov və digər cazmenlərimiz möhtəşəm çıxışları ilə fərqlənmişdilər. Pianoçu Elçin Şirinovun israilli həmkar­ları ilə birgə improvizələri gur alqışlarla qarşılanmışdı. Daha öncə isə Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE-nin "Bakıda caz havası” adlı reportajı, az qala, bütün qitəyə səs sal­mışdı. Həmin proqramda caz-muğam sintezinin yaradıcısı Vaqif Mustafaza­dənin ölməz sənəti dünya caz tarixinin performansları – Lui Armstronq, Belli Qudmen, Dük Ellinqton, Çarli Parker, Dizzi Gillespirin kimi virtuozların mu­siqiləri ilə eyni tutulurdu. Niyazinin, Tofiq Quliyevin sənəti layiqincə qiymət­ləndirilmişdi. 

Bəli, caz artıq bizə yabançı təsir bağışlamır, həvəslə qəbul olunur və in­kişaf etdirilir. Xalq mahnılarımızın zənci musiqiçilərlə interpretasiyaları, “Cən­gi”mizin caz elementli kompozisiyala­rı, qəribə variasiyalar gözəl melodik bir axarda ruhumuzu dilləndirir. Şahin Növrəsli, Emil Əfrasiyab, Salman Qən­bərov, Svetlana Məhərrəmova, Səbinə Hacıyeva, Təranə Mahmudova, Sey­mur Əliyev, Elcan Cəbrayılov, Vasif Hü­seyn, Samir Cazzi, Pərviz Məmmədov, Vaqif Əliyev kimi cazmenlərimiz artıq dünya arenasına çıxırlar. 

Elə açılış mərasimi “UN 1906” klu­bunda keçirilən XVIII Beynəlxalq Caz Festrivalında da həmyerlilərimiz özləri­ni səhnədə yetərincə inamlı aparıblar. Builki caz bayramında 15 ölkədən mu­siqiçilər, o cümlədən, “Gremmi” müka­fatı laureatları olan ifaçılar, Amerikadan caz və rep ifaçısı Zeo Kroker, arfa caz ifaçısı Edmar Castaneda və Qregori Maret də xüsusi proqramla Bakıya gə­liblər. 

Qeyd edək ki, festivalın əsası 2005-ci ildə görkəmli caz musiqiçisi, Əməkdar artist Rain Sultanov tərəfin­dən qoyulub. Ötən müddətdə festival öz ənənələrini formalaşdırıb, dünya musiqi ictimaiyyətinin diqqətini çəkə bilib. Cazsevərlər Almaniya, Türkiyə, Norveç, Avstriyadan olan musiqiçi qo­naqları canlı dinləmək imkanı qazanıb­lar. İlk musiqi yarmarkasında seyrçilərə DJ Grafın səsləndirdiyi musiqi sədaları altında rəqs etmək imkanı da yaradılıb. 

Festivalın sonrakı günlərində Berli­nin məşhur “Cazzanova” qrupu ameri­kalı DJ Amir ilə birlikdə əsrarəngiz çıxış edib. Cazın çeşidli üslublarında musiqi nömrələri səsləndirilib. Bluz, modern, elektron və dəyişik musiqiçilərdən ibarət proqram maraqla qarşılanıb. Aleksandr Bark, Klaas Briler, Yurge­na fon Knoblauxa, Roskov Kretşman, Stefan Layzerinq və Aksel Raynemera sürəkli alqışlar qazanıblar. 

Festival konsertlərinin əsas səh­nəsi olan Beynəlxalq Muğam Mərkə­zində gənc caz ifaçılarının iştirakı ilə “Mən cazmenəm!” müsabiqə-konserti təqdim edilib. Festivalın bu ənənəvi tədbirindən bir məqsəd də cazın təb­liği və gənc iste-dadların üzə çıxarıl­masıdır. Aparıcı Tofiq Həsənsoy Azər­baycan cazının tarixi və ənənələrindən söz açıb. Bu musiqinin ölkəmizdə inki­şafına töhfə vermiş insanlar xatırlanıb. Daha sonra səhnə gənc istedadların ixtiyarına verilib. Mədinə Paşayeva, Günel Hacıyeva, Cavanşir Abdulla­lı, Rəna Xanəlibəyli, Samir Səfərov, Nəzrin Cəfərova, Cozef Okparmen və başqaları dünyanın məşhur caz ifaçı­larının repertuarlarından kompozisiya­lar ifa ediblər. Konsertin sonunda vo­kalçı-bəstəkar Qasım Xəlilov səhnəyə çıxaraq gənc istedadları təbrik edib. Diqqətə çatdırılıb ki, festival çərçivə­sində təşkil olunan proqram gənc mu­siqiçilərin inkişafında mühüm yer tutur. Daha sonra iştirakçılara festivalın dip­lomları təqdim olunub. 

Oktyabrın 10-da Beynəlxalq Mu­ğam Mərkəzində iki proqram təqdim olunub. Dünyaca məşhur italyan mu­siqiçi, mötəbər festivalların laureatı Fa-bio Leporenin kvarteti müxtəlif caz üslublarında ifalarıyla heyrət doğurub. Bu, Fabionun Bakıda ilk çıxışı deyildi. O, İtaliyanın Bakıdakı səfirliyinin xət­ti ilə bundan əvvəlki festivallarda da parlaq çıxışları ilə yadda qalıb. Hə­min gün daha bir konserti Moldovanı təmsil edən qrup təqdim etdi. “Jazz’in Chisinau” layihəsi payızın parlaqlığını, bəstəkar Valeri Kuleanın bəstələrində əks olunmuş yeni ideyalar və musiqi sürprizləri səhnənin gül-çiçəyə qərq ol­ması ilə nəticələnib. 

Nəhayət, xatırladaq ki, sabah Heydər Əliyev Mərkəzində braziliyalı vo­kalçı Mario Bakunanın konserti olacaq. “Jazz & Vinyl” və “Grammy” sahibləri ilə, tədqiqatçı Fuad Axundov ilə görüşlər, rəssam Eldar Qurbanovun “Cazın ağ quşları” sərgisi də proqrama daxildir.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət