Nizami Kino Mərkəzində III “Korkut Ata” Türk dünyası Film Festivalı çərçivəsində Elçin Musaoğlunun "Məryəm" filmi nümayiş olundu.
Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu çıxışında bu filmi ikinci dəfə təqdim etdiklərini dedi: “Bu filmi ikinci dəfədir ki, təqdim edirik. İlk dəfə filmi Daşkənd Film Festivalı çərçivəsində göstərdik. Çox uğurlu oldu, maraqla qarşılandı. “Məryəm” filmi tamaşaçıya dərin psixoloji mənada təsir edə bilən ekran əsərlərindəndir. Bu filmin timsalında Elçin Musaoğlunun öz mövzularına sadiq qalmasını çox yüksək qiymətləndirirəm. Bu insan hər filmində özünün görə bildiyi, sevdiyi, xüsusilə milli folklorumuzda gözlə görünməyən mifik Azərbaycan və türk reallığını sərgiləyir”.
Filmin əsas qəhrəmanlarından olan Əməkdar artist, aktyor Ayşad Məmmədov XQ-ya film haqqında təəsuratlarını danışdı: “Filmin çəkilişləri zamanı düşünürəm ki, bir aktyor kimi rejissoru qane edə bilmişəm. Həmin an başımıza o qədər işlər gəldi, çətinliklərlə qarşılaşdıq, bu barədə danışsam təəsuratlarım bitməz”.
Aktyor, həmçinin film çəkilişləri zamanı başına gələnləri də bizimlə bölüşdü: “Filmdə döyüldüyüm səhnə var. Orda tərəf müqabillərim sinəmdən elə möhkəm zərbə vurdular, deyə bilmədim ki, saxlayın çəkilişi. Həmin an həddindən çox ağrılarım oldu. Sonra, çarpayıya uzadanda məni, xahiş etdim ki, məni qaldırsınlar, ağrıdan uzana bilmirdim. Çəkilişlərdən sonar getdim həkimə, məlum oldu ki, elə ciddi bir şey yoxdur. Ümumiyyətlə, çox qəribə və maraqlı anlar yaşadım”.
Tədbir iştirakçısı, Turizm Universitetinin dördüncü kurs tələbəsi Ləman Rzayeva mikrafonumuza film haqqında fikirlərini dedi: “Ekran işini çox bəyəndim. Filmin çəkildiyi məkan, orada olan qədim əşyalar məni bir anlıq keçmişə apardı. Nostalji hisslər yaşadım. Filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi "Məryəm" tammetrajlı bədii filminin prodüseri Fariz Əhmədov, təsvir üzrə rejissoru Orxan Abbasov, rəssamı isə Zaur Abdullayevdir. Filmdə rolları aktyorlar Təhminə Rafaella, Ayşad Məmmədov Ərtoğrul Kamal, Zaur Şəfiyev, Qəmər Məmmədova, Nürəddin Mehdixanlı ifa edirlər.
Ekran əsərində Məryəm adlı qızın uzun illər sonra atasını görmək üçün Azərbaycana gəlişi təsvir olunur. Ailəsi ilə birgə yaşadığı kəndə gələn gənc qız atasını ucqar bölgədə yerləşən psixiatrik xəstəxanada tapır. Avtobus sürücüsü olmuş bu adam uzun illər əvvəl keçirdiyi ağır qəzadan sonra yaddaşını itirərək psixiatrik xəstəxanaya yerləşdirilib. Məryəm isə onun yaddaşını bərpa etmək üçün var gücü ilə çalışır. Uşaq vaxtı atası ilə birgə keçirdiyi ən xoş anları ona xatırlatmağa çalışan qızcığaz birgə çəkdikləri fotoşəkilləri ona göstərir, hər gün xəstəxanaya gələrək yaşadığı hadisələri ona danışmağa başlayır. Başına gələn hadisələri az da olsa xatırlamağa çalışan ata uzun zamandan sonra qızını tanımağa başlayır. Filmdə göstərilən hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan edir.
Fidan SALMANLI
XQ