“Murov Az Terminal” Avropa çempionudur

post-img

Çimərlik voleybolçularımız əla oyunla qalib oldular


Çimərlikdə oynanılan voleybol son vaxtlar ölkəmizdə inkişaf edən idman növlərindən biri kimi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bugünlərdə çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa kubokunda (Beach Volley European Cup) çıxış edən Azərbaycanın kişilərdən ibarət “Murov Az Terminal” yığması çempion adına layiq görülüb. Türkiyədə keçirilən bu nüfuzlu yarışda qazanılan parlaq nəticə, həm Azərbaycan voleybolu, həm də idman ictimaiyyəti üçün çox böyük uğur hesab olunur. 

Kişilərdən ibarət “Murov Az Terminal” komandasının baş məşqçisi İqor Olefir komandanın yarışa yüksək səviyyədə hazırlaşdığını bildirib: “Təbii ki, yüksək yerlər uğrunda mübarizə üçün ciddi səy göstərdik. Çempion olacağımızı düşünməsək də, əla oynamağı qarşıya məqsəd qoymuşduq. Yarış, ümumilikdə, yüksək səviyyədə keçdi. Təşkilatçılığı da xüsusi vurğulamaq istəyirəm. Komandaların öz potensiallarını göstərmələri üçün hər bir şərait yaradılmışdı”. 

Baş məşqçi komandanı qarşıda təlim-məşq toplanışı gözlədiyini bildirib: “Gələn il gənclər arasında Avropa çempionatı keçiriləcək. Ondan əvvəl isə Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) turnirində iştirak edəcəyik. Böyüklərdən ibarət komandamız MDB oyunları da daxil olmaqla, bir sıra yarışlarda mübarizə aparacaq”. 

İqor Olefir Azərbaycan çempionatının və kubok yarışlarının da planlaşdırıldığını bildirib. 

Azərbaycan yığmasının üzvü Vüqar Bayramov yarışda iştirak edən komandaların hər birinin güclü olduqlarını deyib: “Gərgin mübarizə şəraitində keçən qarşılaşmalarda komandamız peşəkarlıqla yanaşı, böyük qətiyyət nümayiş etdirdi. Yığmanın hər bir üzvü böyük əzmlə mübarizə apardı. Bu qələbə gələcək nailiyyətlərimiz üçün əsas yaradır”. 

Qeyd edək ki, Avropa kuboku yarışında ölkəmizi təmsil edən “Murov Az Terminal” komandası final matçında Türkiyənin  “TVF Spor Lisesi SK Ankara” klubu ilə üz-üzə gəlib. Komandalar arasında keçirilən iki oyundan birində ev sahibləri, ikincisində isə təmsilçimiz qələbə qazanıb. Kubokun qalibi isə qızıl setdə müəyyənləşib. Belə ki, 15:10 hesabla rəqibi üstələyən “Murov Az Terminal” Avropa kubokunun sahibi olub. 

Q.LEYLA
XQ

 

İdman