Ərəb filologiyası üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fazil Güney Xalq qəzetinə ərəbşünas alim Aida İmanquliyeva ilə bağlı xatirələrini danışdı. Müsahibimiz Aida xanımın onun elmi rəhbəri kimi ərəb ədəbiyyatını tədqiq etməsində müstəsna xidmətlərinin olduğunu dedi:
-“Müasir Suriya romanı” adlı monoqrafiyamı çap etdirmək üçün “Tural” NPM nəşriyyatına təqdim etmişdim. Nəşriyyatın direktoru Asif Rüstəmli əlyazmanın əsas səhifəsində kitabın məşhur ərəbşünas alim Aida xanım İmanquliyevaya ithaf edildiyini görəndə gözləri yaşardı: “O böyük insanla tək bircə dəfə görüşsəm də parlaq siması qəlbimdə yaşayır” - deyərək onunla olan görüşündən danışdı. Sonda isə səmimiyyətlə dedi: “Qardaş, xoşbəxt adamsan ki, elə böyük, xeyirxah insan sənin elmi rəhbərin olub”.
Aida xanım haqqında ancaq xoş sözlər eşidirdim. Çünki o, büllur kimi saf, qüzey qarı kimi təmiz idi, əlindən ancaq yaxşılıq gəlirdi, qüsursuz olduğu üçün onun qəlbində kimsəyə qarşı kin-küdurət yox idi.
1971-ci ildə Suriyada tərcüməçi işləyərkən səfirlikdən öyrəndik ki, İraqa gedən Azərbaycan nümayəndə heyəti bir gün Dəməşqdə qalacaq. Bir neçə nəfər əlüstü onların qaldığı hotelə yollandıq. Akademik Həmid Araslını burda görəndə sevindim. O, “səni haradan tanıyıram, cavan oğlan?” - deyə soruşdu. Mən də ona 3 il əvvəl buraxılış imtahanı verəndə Dövlət komisiyyasının sədri olduğunu və imtahanla bağlı xatirələrimi danışdım. Sonra, Dəməşqin qədim hissəsindəki “Zahiriyyə” əlyazmalar kitabxanasına getdik. Qədim əlyazmalar içərisində Azərbaycan müəlliflərinin əsərlərini, həmçinin bir əlyazmada Sührəverdinin 13 səhifəlik əsərini tapdığımı Həmid müəllimə deyəndə, mənə Suriya bədii nəsri haqqında materiallar toplamağı tapşırdı və dedi: “Aida xanım Şərq ölkələrinin ədəbiyyatını tədqiq edir. Sən onun üçün gərəkli kadrsan, geri dönəndə əliboş qayıtma, gözləyirik”.
Bir gün Aida xanımın başçılıq etdiyi ərəb filologiyası şöbəsinə gəldim. Ərəb ölkələrində topladığım materiallara nəzər salıb “İndiyəcən harda idin?” - deyə soruşdu, elə həmin andaca məni institutun direktoru mərhum akademik Ziya Bünyadovun otağına apardı, görkəmli alimin razılığını aldıqdan sonra mövzum təsdiqləndi.
Aida xanım mənə Suriya romanının yaranması və inkişafını tədqiq etməyi tapşırdı. Elə həmin illərdə ərəb Məhcər ədəbiyyatı haqqında namizədlik dissertasiyasını müdafiə etmiş Aida xanım Livan ədəbiyyatının tədqiqini davam etdirirdi. O, mənə tövsiyə etdi ki, Şərqə təkcə şərqli kimi yox, həm də qərbli kimi, XX əsr adamının gözü ilə baxım.
Fazil müəllim sonda dedi:
-Onun çox böyük planları, arzuları vardı. Amma amansız əcəl qoymadı...
Bu gün sivilizasiyaların kəskin mübarizəsinə baxdıqda yenə Aida xanımı xatırlayıram. O, Qərb-Şərq münasibətlərini öyrənmək, Şərqlə Qərbi ayıran yox, birləşdirən cəhətləri tədqiq və təhlil etmək üçün xüsusi bölüm yaratmışdı.
Son olaraq etiraf edim ki, elmi rəhbərimin son tövsiyyəsini də yerinə yetirdim. “Suriya qadın yazıçılarının əsərlərində qadın azadlığı” monoqrafiyasını tamamlayıb nəşr etdirdim.
Fidan HÜQUQQIZI,
XQ