Azərbaycan Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Silahlı Qüvvələrimizin bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda, hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir.
Məlum olduğu kimi, arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliyə malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifadə edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra dayandırılıb.
XQ xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.
"Bir daha bildiririk ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq, yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədlər üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir.
Qeyd etdiyim faktlarla bağlı ictimaiyyətə mütəmadi olaraq videomateriallar təqdim edilib və bundan sonra da təqdim olunacaq.
Azərbaycan Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq. Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakterli bildirişlər səsgücləndiricilər və digər texniki vasitələr ilə çatdırılır", - deyə A.Eyvazov qeyd edib.