Dubay payız turizmi mövsümünü açır

post-img

Dubayda payızın gəlişi həmişə səbirsizliklə gözlənilir. Yay tətilindən sonra sevimli görməli yerlər, yay aylarında boşalan parklar və baxış platformaları yenidən öz qapılarını açır, şəhəri yeni kəşflər, festivallar, sərgilər gözləyir.

Əmirlik payızda səyahətçilərə maraqlı əyləncələr üçün daha da geniş imkanlar təklif edəcək. Onlara səhrada maraqlı macəralardan və paraşütlə tullanmadan tutmuş qastronomik təcrübələrə və alış-verişə qədər müxtəlif əyləncələr təqdim olunacaq.

Sentyabrın 5-də 50 milyon əkilmiş çiçəkdən və ürək formalı tağlardan hazırlanmış binaların və özündə memarlıq nümunələrini əks etdirən dünyanın ən böyük botanika bağı olan “Dubay Miracle Garden” də açılacaq. Sentyabrın 16-da çoxlarının sevimli əyləncəsi olan “Hot Air Balloon” geri qayıdacaq, ucsuz-bucaqsız Ərəbistan səhrası üzərində hava şarı uçuşları həyata keçiriləcək. Bununla yanaşı, səyahətçilər 1200 metr yüksəklikdə sonu görünməyən qum təpələrini, otlayan ceyranları və əzəmətli Həcər dağlarını görəcəklər.

Valehedici dağ mənzərələri ilə tanınan Hattada ekskursiya proqramları davam etdiriləcək. Qədim zamanlarda kiçik təsərrüfatları olan bu balaca şəhər hərbi qalası ilə məşhur idi və bu gün açıq havada gəzintiləri, habelə gözəl təbiət mənzərələrini sevənlərin cazibə yerinə çevrilib. Xüsusən, turistlər arasında məşhur olan müxtəlif çətinlik səviyyəli marşrutlar üzrə velosiped sürmək, Hatta bənd gölündə xizək və sehrli dağ mənzərələri fonunda at sürmək kimi əyləncələr davam edəcək.

Payız mövsümü maraqlı festivallar və sərgilərlə də zəngin olacaq. Noyabrın 16-dan 19-dək Dubayda ən yaxşı beynəlxalq qolfçuları bir araya gətirəcək “Dubai Desert Classic & DP World Tour” çempionatı keçiriləcək. Bu idman növünün həvəskarları “Emirates Golf Club”, “Dubai Creek Golf & Yacht Club” və “Jumeirah Golf Estates” idman obyektlərinin möhtəşəm meydançalarında qolf oynaya biləcəklər.

Noyabrın 16-dan 20-dək şəhərdə “Dubai Watch Week” keçiriləcək. Sənaye mütəxəssisləri, sərgi iştirakçıları və qonaqlar bilik və təcrübə mübadiləsi apara, yeni işgüzar əlaqələr yarada biləcəklər. İştirakçılar arasında “Akrivia”, “Audemars Piguet”, “Bvlgari”, MB&F, “TAG Heuer”, “Breitling”, “Greubel Forsey”, “Ulysse Nardin”, “Montblanc” kimi brendlər olacaq.

Bu payız macəra axtaranlar üçün “Dubay Skydive Dubai” ekstremal idman mərkəzində unudulmaz "uçuş" təcrübəsi təqdim edəcək. Səyahətçilər əfsanəvi “Palm Jumeirah” və ya Ərəbistan səhrası üzərindən nəfəs kəsən paraşütlə tullanma yarışlarından zövq alacaqlar. Artıq təcrübəsi olanlar tək və cüt tullanmalarda özlərini sınaya biləcəklər. Yeni başlayanlar da narahat olmamalıdır: onlar hətta təyyarəyə minməzdən əvvəl təlimatçılar tərəfindən təlimatlanacaq.

Ən cəsarətlilər “Edge Walk” açıq ərazisində özlərini sınayıb göydələnin kənarında gəzə biləcəklər. Bu maraqlı attraksion Dubayın mərkəzində - 219 metr yüksəklikdə yerləşən “Address Sky View Hotel”in damında yerləşir. Habelə iki səviyyəli Səma Rəsədxanasını araşdıra, otelin iki qülləsini birləşdirən 46 metrlik şüşəli keçidlə gəzə və ya əsas görməli yerlərin fonunda “Sky Glass Slide” ilə 53-cü mərtəbədən aşağıya doğru sürüşə bilərsiniz.

Mədəniyyət