“Xəzərin sahilində” maraqlı təqdimatlar

post-img

Sumqayıtdakı Bulvar kompleksi artıq 7-ci ildir ki, şəhər sakinlərinin və qonaqların ən gur istirahət məkanına çevrilib. Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi və “əsl möcüzə” adlandırdığı bu bulvarda tez-tez müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir. 

Bulvarda yenicə start verilən 4 həftəlik “Xəzərin sahilində” adlı layihə xüsusilə  diqqətəlayiqdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində keçirilən ilk tədbirdə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin sakinləri və qonaqları üçün konsert proqramı təqdim edildi. Eyni zamanda gənc rəssamların pleneri – açıq havada rəsm çəkilişləri maraqla qarşılandı.   

Konsertdə  N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış “Endorfin” özfəaliyyət rok musiqi qrupu rəngarəng proqramla çıxış etdi. Bu kollektivə  istedadlı musiqiçi Vüsal Mehdizadə rəhbərlik edir. Qrupun solisti - gənc müğənni Lalə Rahibin ifa etdiyi mahnılar tamaşaçı alqışları ilə müşayiət olundu.   

Uğurla sona yetən konsert proqramından sonra Mədəniyyət Mərkəzinin direktoru Samir Şəfiyev “Xalq qəzeti”nə müsahibəsində bildirdi ki, “Xəzərin sahilində” layihəsi sumqayıtlıların bulvarda yay istirahətinə  əlavə rəng qatmağı hədəfləyir: 

– Çoxsaylı seyrçilərin, xüsusilə də uşaq və gənclərin reaksiyasından da göründüyü kimi, belə tədbirlər hamının xoşuna gəlir. Qarşıdakı bazar günü, axşam saatlarında bulvarın səhnəsi müxtəlif rəqs kollektivlərinin, müğənnilərin və “Zəngəzur” ritm qrupunu ixtiyarına veriləcək. Sonrakı təqdimatlarda da sürprizlər olacaq.

Layihəyə gənc rəssamların qoşulması sumqayıtlıların böyük marağına səbəb oldu.    “Dostluq” mədəniyyət evinin həvəskar rəssamları musiqi sədaları altında təcrübə mübadiləsi edərək gözəl təsvirlər yaratdılar.   

Gənc həmkarlarının uğurlarını naraqla izləyən tanınmış xalçaçı rəssam, Əməkdar mədəniyyət işçisi Fazil Abbasquluzadə bizimlə söhbətində bu cür tədbirlərin təqdirəlayiq olduğunu bildirərək dedi:

– Bildiyimiz kimi, plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real mənzərələrini yaratmaq deməkdir. Məşhurlardan Repin, Surikov, Levitan,  bizim Səttar Bəhlulzadə və başqaları möhtəşəm plener rəsmləri çəkiblər. Sumqayıtdakı “Dostluq” mədəniyyət evinin gənc rəssamlarının da bu sahədə ilk təcrübələri fərəh doğurur. Onlara uğurlar arzulayıram. Növbəti plenerdə Cəfər Cabbarlı adına mədəniyyət evinin gəncləri öz istedadlarını nümayiş etdirəcəklər. Sonra daha iki plener təşkil olunacaq. Hamısını izləməyə çalışacağam.

Qeyd edək ki, Sumqayıt bulvarında “Xəzərin sahilində” mədəniyyət layihəsi sentyabrın 3-dək davam edəcək.

Əli ƏLİYEV,  “Xalq qəzeti”

 

Mədəniyyət