Daha bir görüşün tarixçəsi

post-img

Gülağa Məmmədov Səid Rüstəmovun “öz müğənnisi” idi 


Gülağa Məmmədovun səsini hələ  uşaqlıq illərindən eşidirdim. Sovet dönəminin əmək qəhrəmanları, adlı-sanlı  insanlar haqqında oxuduğu mahnılar demək olar ki,  dillər əzbəri idi. Çünki o mahnıları orta məktəblərdə də öyrədirdilər və biz o nəğmələri ondan öyrənirdik. 

Mən həmin illlərdə inana bilməzdim ki, nə zamansa o böyük sənətkarla dövlət radiosunun canlı yayımına çıxacaq, qəzet üçün məqalə hazırlayacağam. Ağlıma gətirməzdim ki, sonrakı yazılarımda  ilk müsahibənin ilk sualına dəfələrlə  qayıdacağam.  Nə biləydim ki, Gülağa müəllim mənim müsahibə götürmək üçün evinə getdiyim ilk Xalq artisti olacaq.

Xatırladım ki, şöhrətli müğənniyə  bir neçə dəfə verdiyim həmin sual “Dəli Kür” filmini əfsuna bələmiş “Ana Kür” mahnısının lentə alınması zamanı yaşanmış çətinlik haqqında  olmuşdu. Çünki onunla hələ tanış  olmadığım illərdə televiziyanın qocaman əməkdaşı  Tofiq Axundovdan eşitmişdim ki, mahnı Rusiyada   lentə alınanda Gülağa Məmmədov mahnını 3 gün dəfələrlə oxuyub, ancaq lentə yaza bilməyiblər. Sonra necə yazıblarsa, aşağıda oxuyacaqsınız. 

... Onunla radionun musiqi şöbəsinin müdiri Hacı Məmmədovun otağında görüşüb tanış olmuşduq. Daha doğrusu, mən  veriliş  üçün musiqi  götürməkdən ötrü  Hacı müəllimin yanına gedəndə Gülağa Məmmədov orada idi. Hacı müəllim məni təqdim edərək dedi ki, İttifaq Xəbərlər baş redaksiyasının əməkdaşı olsa da, musiqiyə bağlı adamdır.  Xalq artisti ayağa qalxıb mənimlə görüşdü və zarafat etdi ki, musiqiyə bağlıdırsa, onda xəbərlər redaksiyasında bizim adamdır. 

... Günlərin birində redaksiyamızın ağsaqqalı Hidayət Səfərli baş redaktorumuz Heydər Zeynaloğludan xahiş etdi ki, Gülağa bərk xəstədir, müxbir göndər radio üçün müsahibə hazırlasın. Xatırladım ki, Gülağa Məmmədovun yaşadığı ev Nəriman Nərimanovun heykəlinin “sağ əlinin altında”, Hidayət müəllimgilin evi isə heykəlin sol əlinin “altında”dır. Yaxın dost olsalar da, Gülağa müəllim Hidayət Səfərli kimi açıq-saçıq zarafatlar eləmirdi.

Heydər müəllim Xalq artistinin görüşünə məni göndərdi. Mən evə girəndə müğənni dərman içirdi.  Gedəcəyim barədə Hidayət müəllim ona məlumat verdiyinə görə özünü gümrah göstərməyə çalışırmış.  Xeyli söhbət etdik, səsini yazdım və gördüm ki, danışmaqda da elə oxumaqda olduğu kimi pərgardır. Xəstəlik canını üzsə də ( həmin görüşdən bir il sonra – 68 yaşında vəfat etmişdi), yaddaşı da yerində idi,  fikirləri də sağlam idi. 

Söhbətə belə başladı: “1925-ci ildə Lənkəranın Kiçik Bazar məhəlləsində anadan olmuşam. 15 yaşım olanda “Koroğlu”nun “ Səni gördüm, aşiq oldum” sözləri ilə başlanan ariyasını oxumuşam (Həmin ariyanı ifa edərkən çəkilmiş fotosunu 1995-ci ilin payızında “Xalq qəzeti”ndə vermişdim – İ.M.). Elə Azərbaycandan kənarda ifa etdiyim ilk musiqi əsəri də  həmin ariya olmuşdu. Onu  1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə də oxudum”. 

Mərhum sənətkar danışdı ki, Səid Rüstəmovun ansamblına  15 yaşında qəbul edilən ilk gənc o olub.  Sonra Konservatoriyada təhsil alıb: “ 20 yaşımdan Musiqili Komediya Teatrında çalışmağa başladım. Müxtəlif operettalarda oxusam da,  ifa etdiyim  mahnıların çoxu  Səid Rüstəmova məxsus olurdu.” 

O dövrün bütün üzdə olan sənətkarları etiraf edirdilər ki,  Səid Rüstəmov mahnılarının əksəriyyətini xüsusi olaraq Gülağa üçün yazıb. Amma o, Tofiq Quliyevin və Cahangir Cahangirovun da bir çox  əsərlərinin ilk ifaçısı olub. 

 Cahangir Cahangirovun “Dəli Kür” filminə yazdığı “Ana Kür” mahnısının lentə alınmasının bəlalı tarixçəsi isə belə olmuşdu:  “3 gün təkrar-təkrar oxudum, alınmadı. Elə olanda Cahangir müəllimə dedim ki, mən qayıdım Bakıya, başqa müğənni gəlib oxusun.  Bəstəkar razılaşmadı. Bu məqamda səsyazma studiyasının mütəxəssisi maraqlı bir təklif verdi: “Filmdə bu mahnının səslənəcəyi yeri ekranda göstərin, müğənni həmin lövhəni görə-görə oxusun”. Təklifə əməl elədilər və Cahangir müəllim dedi ki, əvvəlcə sınaq üçün oxu. Birnəfəsə  oxudum. Dedilər ki,  vəssalam, yazıldı, lent hazırdır. Beləcə, kino lentinə baxmaqla  mahnını birdəfəyə  yazdıq”. 

... Mən  gələndə  Gülağa müəllim dərman içirdi. Sağollaşıb qalxanda da sarı bir dərmanı içdi. Üzünün turşuduğunu hiss etdiyimi görüb özünü tox tutmağa çalışdı: “Xeyirli olsa da, acıdır, çox acı”. Belə bir ustad sənətkarı itirmək də xalqımız üçün çox acı idi. 

Allah rəhmət eləsin! “Oxu gözəl” və “Ana Kür” kimi  mahnılar onu  hələ yüz illər yaşadacaq. 

İ.QAÇAYEV,  
“Xalq qəzeti”

 

Sosial həyat