“Google”un süni intellekt axtarışı

post-img

Digər şirkətlərdə olduğu kimi, “­Google” da  bu il generativ süni intellekt sahəsində yarışa qoşulub. Şirkət son zamanlar bu sahədəki tədqiqatların effektivliyinin yollarını axtarır. 

Nəhayət, “Google” nəzdindəki “DeepMind” laboratoriyası ilə “Brain Team” adlı şirkətin daxili komandasını birləşdirib. Nəticədə, hər iki şirkət süni intellekti həyati məsələlərlə bağlı şəxsi köməkçiyə çevirə biləcək yeni iddialı texnologiyanı test etməyə başlayıb.

Qeyd edək ki, “DeepMind” hazırda 21 növ özəl və professional tapşırığın yerinə yetirilməsi üçün nəzərdə tutulmuş generativ süni intellekti sınaqdan keçirir. Buraya, həmçinin həyati məsləhətlər, ideyalar, planlar və təhsil konsepsiyası daxildir. İdeyaların tərtib edilməsi funksiyası istifadəçilər üçün bu və ya digər vəziyyətdən asılı olaraq, məsləhətlər və təkliflər irəli sürə bilər. Süni zəka yeni bacarıqları öyrətməyə və ya artıq mövcud olanları təkmilləşdirməyə qadirdir.

“DeepMind” iş prosesində süni intellektin istifadəsi üçün digər imkanları da test edəcək. Buna misal olaraq elmi, yaradıcı və professional mətnlərin tərtibi, o cümlədən bu və ya digər mətndə qanunauyğunluqların tapılmasını və mətnlərdən məlumatların əldə edilməsini misal göstərmək olar. “Google”, həmçinin hazırda jurnalistlər üçün nəzərdə tutulmuş süni zəka əsaslı köməkçinin hazırlanmasını nəzərdən keçirir. Bu cür köməkçilər xəbərlərin və materiallar üçün başlıqların tərtib edilməsində fəal rol oynayacaq. Bütün bu layihələr “Google” şirkətinin süni zəka sahəsindəki liderliyi ələ keçirtməkdə iddialı olmasının əlamətidir. 

Səadət RZAYEVA, 
“Xalq qəzeti”

 

Dünya