XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi

post-img

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iyulun 27-də təntənəli açılış mərasimi olub.Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub. Məktubda deyilir:

“Hörmətli festival iştirakçıları!

Xanımlar və cənablar!

Sizi – XIII Qəbələ Beynəlxalq Musiqi Fes­tivalının bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə ən xoş arzularımı çatdı­rıram.

Əsrlər boyu mədəniyyətlərarası dia­loqun inkişafına öz töhfəsini verən Azərbay­can tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da güc­ləndirilməsinə səy göstərib.

Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik to­lerantlıq ənənələrinə malik olan və fərqli si­vilizasiyaların qovşağında yerləşən ölkəmizdə son illər keçirilən beynəlxalq əhəmiyyətli təd­birlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayən­dələrini bir araya toplayır. Vətən müharibə­sində qazandığımız şanlı Zəfərdən sonra Qa­rabağın tacı olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, yaxın günlərdə baş tutmuş ənənəvi Beynəlxalq Muğam Fes­tivalı kimi möhtəşəm tədbirlər bunun bariz nümunəsidir. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramları mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ün­siyyət və əməkdaşlıq üçün geniş imkanlar açır. 

Mədəni-mənəvi inteqrasiyanın səmərə­liliyini artıran belə layihələr bizim üçün çox dəyərlidir. Bu baxımdan, 2009-cu ildən eti­barən təşkil olunan Qəbələ Beynəlxalq Mu­siqi Festivalı da əvəzedilməz rola malikdir. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi Qəbələ Beynəlxalq Mu­siqi Festivalı həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə xidmət edir. Biz bu festivalı mədəniyyətlərarası dialoqun genişləndirilmə­sinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk. Əminəm ki, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı qonaq­larımızın yaddaşında və Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır.

Festivalda iştirak edən hər kəsə cansağlı­ğı, bütün yaradıcı insanlara tükənməz nailiy­yətlər arzulayıram”.

Açılış mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək ölkəmizdə ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəniyyə­timiz üçün əlamətdar hadisə olduğunu qeyd edib. Xalq artisti çıxışında builki festivalın Azərbaycan xalqının Ümummilli Lideri Hey­dər Əliyevin 100 illik yubileyinə həsr edil­diyini vurğulayaraq, bu yubileyin ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox böyük hadisə olduğunu bildirib.

Sonra XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı açıq elan olunub.

Azərbaycanın Xalq artistləri Fərhad Bə­dəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Bey­nəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə başlayıb. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva, Əvəz Abdulla­yev, Samir Cəfərov, Yusif Eyvazov və Əmək­dar artist Səbinə Əsədova çıxış ediblər.

Budəfəki Qəbələ Beynəlxalq Musiqi Fes­tivalında Azərbaycanla yanaşı, Böyük Brita­niya, Estoniya, Litva, Polşa, Rusiya və Tür­kiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edirlər.



Mədəniyyət