Soydaşlarımızın “ÖST Ensemble” ansamblı 2020-ci ildən Avstriyada fəaliyyət göstərir. Rəhbəri bəstəkar, musiqi nəzəriyyəçisi və etnomusiqişünas Aria Torkanbouridir. Ansamblın Vyanada ilk konsert proqramı maraqla qarşılanıb.
Vyana Musiqi və Səhnə Sənətləri Universitetində reallaşan konsertdə ansambl “Arzu Balıq” dastanını təqdim edib. Bu dastan görkəmli təbrizli yazıçı, tanınmış tərcüməçi-publisist Səməd Behrənginin “Balaca Qara Balıq” nağılı əsasında Aria Torkanbouri tərəfindən yazılıb. Performans başdan-başa Azərbaycan–Türk aşıq dastan ənənəsi əsasında qurulub.
“Səhnə” teatrı Laçında “Sarı Aşığın dastanı” tamaşasının premyerasını təqdim edib.
Tamaşanın prodüseri Elçin Hacı bildirib ki, Xaqani Əliyevin “Yaxşı və Aşıq” dastanının motivlərindən istifadə etməklə qələmə aldığı pyes əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, xoreoqrafı Zaur Əliyevdir. Tamaşa Azərbaycanda bayatı janrının poetik imkanlarının açılmasında misilsiz xidmətləri olmuş, XVII əsrdə Laçının Güləbird kəndində yaşamış şair Sarı Aşığın nakam məhəbbətindən bəhs edir.
Füzuli Dövlət Dram Teatrı 33-cü mövsümünü Xaqani Əliyevin "Molla Nəsrəddin" tamaşası ilə başa vurub.
Səhnə əsərinin quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.
Tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Şəlalə Nəsirova, Qaçaq Qarayev, Əli Hüseynov, Günel Hacıyeva, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov, Aygün Cəfərova və Qəlbinur Əhmədli ifa ediblər. Keçmişlə bu günün sintezi olan tamaşa məşhur lətifə qəhrəmanı Molla Nəsrəddinin evlənmə əhvalatından bəhs edir. Şən musiqilər və kütləvi rəqslərlə bol olan səhnə əsərində maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.
Ə.DOSTƏLİ, “Xalq qəzeti”