Azərbaycanın paraatletika üzrə komandası Parisdə keçirilən dünya çempionatında 2 qızıl, 1 bürünc medal və növbəti Yay Paralimpiya Oyunlarına 5 vəsiqə qazanmaqla mükəmməl nəticə göstərdi.
Qəhrəman paralimpiyaçılarımız bununla, həm dünya çempionatında güclərini nümayiş etdirdilər, həm də Paris Paralimpiadasında medala ən iddialı idmançılardan olduqlarını sübut etdilər.
“Xalq qəzeti”nə müsahibəsində dünya çempionatında yığmamızın uğurla çıxış etdiyini bildirən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidentinin köməkçisi, idman şöbəsinin müdiri Kamal Məmmədov komandanın yaxşı formada olduğunu bildirdi: “Dünya çempionatına yaxşı hazırlaşmışdıq. Komanda üzvlərinin bir neçəsi yarışda ilk dəfə çıxış edirdi ki, onlardan 2-si Qarabağ qazisi idi. Qarabağ qazilərindən biri – görmə qabiliyyətini tam itirmiş Məhərrəm Qasımov 5-ci yerlə kifayətləndi. Digər idmançımız Rüfət Rəfiyev də 5-ci nəticə göstərdi. İlk 4-lüyə lisenziya düşürdü. Onların 5-ci yeri tutmaları o deməkdir ki, növbəti yarışda lisenziya qazana bilərlər. Oloxan Musayev və Orxan Aslanov medalsız qalsalar da, lisenziya qazana bildilər. Komandamız yaxşı formadadır və qarşıdakı yarışlarda onlardan daha yüksək nəticələr gözləyirik”.
K.Məmmədov hazırda bütün idman növləri üzrə dünya çempionatlarına start verildiyini, yığmamızın hazırda Çexiyada oxatma idman növü üzrə mundialda iştirak etdiyini bildirdi: “Bəzi idman növləri üzrə dünya çempionatları birbaşa lisenziya verirsə, digərləri reytinq xalları qazandırır. Çexiyadakı yarışda idmançılarımız Paris Paralimpiadasına birbaşa vəsiqə əldə edə bilərlər. Cüdo, taekvondo, boççia kimi idman növlərində reytinq xalları verilir. Son yarışlardan – növbəti ilin may ayından sonra reytinq xalları hesablanacaq. Əsas hədəf “Paris-2024”ə vəsiqə əldə edib, ölkəmizi həmin yarışda yüksək səviyyədə təmsil etməkdir. “Tokio-2020”də 14 qızıl medal qazanan komandamız medalların əyarına görə, ilk 10-ğa daxil oldu. Paris Paralimpiadasında rəqabət nə qədər böyük olsa da, biz buna hazırlaşırıq. Düşünürük ki, ən azı Tokioda qazandığımız nailiyyəti “Paris-2024”də təkrarlamağa çalışacağıq”.
Dünya çempionatında 100 və 400 məsafələrə qaçışda rəqib tanımayıb fəxri kürsünün ən yüksək pilləsində qərarlaşan Lamiyə Vəliyeva yarışa yaxşı hazırlaşdığını vurğuladı: “Dünya çempionatında ən güclülər çıxış edir. Yarışa yüksək səviyyədə hazırlaşdığım üçün özümə inanırdım. Bütün gücümdən istifadə edib qızıl medal qazandım. Vətənimi belə bir nüfuzlu yarışda layiqincə təmsil etdiyimə görə çox sevinirəm. Özümlə fəxr edirəm”.
İdmançı yaxşı formada qalmaq və yüksək nəticə qazanmaq üçün hər gün məşq etdiyini dedi. O bildirdi ki, əsas hədəf Paris Yay Paralimpiya Oyunlarıdır: “Arzum Paris Paralimpiadasında Azərbaycanı layiqincə təmsil etməkdir. Bu mənim borcumdur. Paralimpiya Oyunlarında rəqabət çox güclü olur. Hər gün məşq edirəm və hər saat mənim üçün çox vacibdir. Bütün yarışlarda sübut etmək istəyirəm ki, millətimiz həmişə ön sırada olmalıdır”.
Vurğulayaq ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda Tokio Yay Paralimpiya Oyunlarının qızıl, 100 metr məsafə üzrə isə gümüş medalını qazanıb.
Fransadakı dünya çempionatında uzunluğa tullanma növündə bürünc medal alan Səid Nəcəfzadə Paralimpiya Oyunlarına lisenziya əldə etdiyi üçün məmnun olduğunu söylədi: “Dünya çempionatı güclü yarışdır və rəqabət həmişə gərgin olur. İlk dəfə idi ki, özümü belə bir yarışda sınadım. Bürünc medal qazandım. Əsas məqsədim isə Paris Paralimpiadasına lisenziya əldə etmək idi. Öz üzərimdə çalışmaqda davam edəcəyəm. Paralimpiadada daha yaxşı nəticə göstərmək üçün bütün gücümdən istifadə edəcəyəm”.
Komandamızın digər üzvləri Oloxan Musayev və Orxan Aslanov dünya çempionatında 4-cü olmaqla Yay Paralimpiya Oyunlarına lisenziya qazanıblar. O.Musayev qəzetimizə açıqlamasında qeyd etdi ki, mükafatçılar sırasında yer almaq üçün potensialı olsa da, bir qədər aşağı nəticə göstərib: “Dünya çempionatında 11.74 metr nəticə ilə 4-cü oldum. Əvvəlkilərlə müqayisədə 30-40 santimetr daha az göstərici qeydə alındı. Nəticəmi 15 santimetr yaxşılaşdıra bilsəydim, azı üçüncü yeri tuta bilərdim. Amma Paris Paralimpiadasına vəsiqə əldə etdiyim üçün çox sevinirəm. İndi əsas məqsəd Paralimpiadada ölkəmizi yüksək səviyyədə təmsil etməkdir”.
Xatırladaq ki, XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan komandası tarixi uğur qazanaraq 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla 19 medala sahib olmuşdu. Komandamız medalların əyarına görə 162 dövlət arasında 10-cu yeri tutdu. Avropada 6-cı, postsovet dövlətləri arasında 3-cü, İslam ölkələri arasında isə birinci pillədə qərarlaşıb.
2024-cü ildə Parisdə keçiriləcək növbəti Yay Paralimpiya Oyunlarında paralimpiyaçılarımızı yeni zəfərlər gözləyir. Komandamızın nüfuzlu yarışlarda qazandıqları parlaq qələbələr yeni uğurlar üçün əsas yaradır.
Leyla QURBANOVA, “Xalq qəzeti”