Söz, sənət adamları yenə də Şuşada – bu il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş şəhərdə toplaşıblar. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə burada növbəti Vaqif Poeziya Günləri keçirilib.
XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuş məşhuir siyasi və ictimai xadim, görkəmli şair Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə düzənlənən poeziya bayramı, konsertlər, sərgilər, kitab təqdimatları hər kəsə xoş təsir bağışlayıb. Çıxışlarda dönə-dönə vurğulanıb ki, Vaqifin ədəbi fəaliyyəti Türk dünyası üçün böyük önəm kəsb edib, buna görə də onun adına bağlanan poeziya günləri şairin ruhunun şadlığı üçündür. Bu günlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən onun haqqında buraxılmış “Özü vəzir, sözü şah” adlı kitabda da yazıldığı kimi, Vaqif yaşayır və daim türk xalqları ilə bir yerdədir.
İyulun 13-də Vaqifin doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndindən start götürərək gəlib Şuşada dayanan söz-sənət karvanının sədaları ətraf dağlarda əks-səda verərək dostları sevindirib, düşmənləri xar eləyib. Dövlət və hökumət nümayəndələrinin, respublikanın tanınmış elm və mədəniyyət xadimlərinin, yaşlı və gənc yazarların iştirak etdikləri tədbirin açılış mərasimində Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev doğru olaraq qeyd edib ki, Şuşaya gəlmək istəyən çoxdur, çünki, Şuşa Azərbaycanın ürəyidir.
Şuşada “Şükür” namazı qılmasından məmnunluğunu bildirən Türk Ədəbiyyat Vəqfinin rəhbəri Serhad Kabaklı böyük fərəhlə bildirib ki, Vaqif Poeziya Günlərindən aldığı unudulmaz hissləri ürəyində Türkiyəyə daşıyacaq və bundan çox qürurludur.
Şuşada gündüzün ömrünü “uzadan” bayram tədbirləri bir-birini əvəz edib. Srağagünkü tədbirlər axşam saatlarında şəhərin sevilən məkanlarından birində – Xan qızı Natəvanın evi qarşısında musiqili proqramlar və qiraət saatları ilə tamamlanıb. İyulun 15-də isə Poeziya Günləri eyni vüsətlə davam edib.
Əli ƏLİYEV, “Xalq qəzeti”