Dünən Poeziya Günləri çərçivəsində daha bir tədbir – “Vətənim Qarabağ” adlı poeziya saatları təşkil olunub.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi tədbirin açılışında çıxış edərək, poeziya saatlarının Vaqif Poeziya günlərinin ana xəttini təşkil etdiyini bildirib. O, qeyd edib ki, hər il Şuşada ənənə halını almış poeziya günlərinin təşkili mədəniyyətimiz və ədəbiyyatımız üçün böyük önəm kəsb edir.
TÜRKSOY Yazarlar Birliyinin sədr müavini, şair-tərcüməçi Səlim Babullaoğlu deyib ki, hər dəfə gözəl, mübarək Şuşa torpağında olmaq böyük məmnuniyyətdir: “Biz bu məmnuniyyətə doğru həm Ali Baş Komandan, həm də ordumuzla uzun yol gəlmişik və bu prosesdə bizə qardaşlarımız, dostlarımız dəstək olublar. 44 günlük savaş günlərində bizim yaxın-uzaq ölkələrdə yaşayan həmkarlarımız, dostlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xeyli böyük işlər görüblər. Bunlardan biri əlbəttə ki, həmişə Azərbaycanın yanında olan Türkiyə Cümhuriyyəti və qardaş ölkənin dəyərli ziyalılarıdır.
Sonra çağdaş Türkiyə nəsrinin tanınmış nümayəndəsi və peşəkar tərcüməçi Ömer Küçük Mehmetoğluya Turan birliyi ideyasına xidmətlərinə görə layiq görüldüyü “Bəxtiyar Vahabzadə” mükafatı təqdim olunub. Ömer Mehmetoğlu göstərilən etimada görə Azərbaycan Yazıçılar Birliyinə təşəkkür edib.
Xalq şairi Vahid Əziz çıxışında deyib: “Biz 30 il sınağa çəkildik, bu illər bir an da olsun müqəddəs yurd yerlərimizi, Qarabağımızı unutmadıq, daim bu günü düşündük və arzuladıq. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bu həsrətə, nisgilə son qoydu. Bu gün Azərbaycanın müqəddəs şəhərində belə bir möhtəşəm tədbirin keçirilməsi bir daha dövlətimizin gücünü, qüvvəsini, ordumuzun yenilməzliyini göstərir”.
Ardınca yazıçı Seyran Səxavət, şairlər Barat Vüsal, Qəşəm Nəcəfzadə, Əlisəmid Kür, Əkbər Qoşalı, tərcüməçi İan Perart, türkiyəli şair Serhad Kabaklı, Özbəkistanın Xalq şairi Xurşud Davron və digərləri çıxış edərək Vaqif Poeziya Günlərinin əhəmiyyətindən danışıb, fikirlərini bölüşüb, vətənpərvərlik ruhunda və Şuşa haqqında şeirlərini səsləndiriblər.
***
İkinci poeziya saatında aparıcı şair İbrahim İlyaslı olub. O qeyd edib ki, hər zaman olduğu kimi, bu dəfə də poeziya günləri Şuşada yüksək səviyyədə keçirilir. Sonra söz şairlərə verilib.
Poeziya saatında şairlər Bəsti Əlibəyli, Ramiz Babayev, Qanun Ümman, Ziyafət Yəhya, Reyhan Kənan, Şahnaz Şahin, Fəxrəddin Teyyub, Namiq Məna, Aysel Fikrətqızı, Bilal Arallı, Xuraman Muradova və digərləri vətənpərvərlik mövzusunda qələmə aldıqları, həmçinin Şuşaya həsr etdikləri şeirlərini səsləndiriblər. Beləcə, 41 illik tarixi olan Vaqif Poeziya Günləri səs kimi, səda kimi qanad açaraq, dalğa-dalğa ətrafa yayılıb.
“Xalq qəzeti”