Hazırda Azərbaycana gələn turistlərin sayı pandemiyadan əvvəlki sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir. Ölkəmizdə karantin rejimi olduğu üçün quru yolla gələn turistlərimiz yoxdur, yəni turistlər yalnız hava yolu ilə gələ bilirlər.
Bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
“Qonşu ölkələrdən sərhədləri piyada keçərək gələn turistləri müvəqqəti olaraq itirmişik. Operativ Qərargahın quru sərhədlərinin açılması ilə bağlı qərarını gözləyirik. Quru sərhədlərin bağlı olması daxili turizmin artımına heç bir təsir göstərməyib. Bu amillər bir-biri ilə bağlı deyil”, - deyə Fuad Nağıyev söyləyib.
O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı üçün bir neçə ölkə - MDB ölkələri, Türkiyə, İsrail və Rusiya ilə danışıqlar aparılır: “İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla turizmə investisiyaların yatırılması ilə bağlı həm yerli, həm xarici investorlarla danışıqlar aparırıq. Hələ ki, Şəki şəhərinə bir neçə investor maraq göstərir. Bunlar, müəyyən tarixi abidələrin bərpa edilib, işlənməsi ilə bağlıdır”.