Gürcüstanın Gürcü Folkloru və Klassik Musiqi İttifaqının təşkilatçılığı ilə Borjomi şəhərində keçirilən Klassik Musiqi İfaçılarının Beynəlxalq Müsabiqə-Festivalı uğurla başa çatıb.
ABŞ, Rusiya, Gürcüstan, Polşa, Qazaxıstan və digər ölkələrdən olan iştirakçıların da onlayn formatda qatıldığı beynəlxalq “Harmony” müsabiqəsində ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbə-müəllim heyəti müxtəlif nominasiyalar üzrə təmsil edib.
Azərbaycan musiqiçiləri müsabiqədə uğur qazanıblar. BMA-nın “Fortepiano” fakültəsinin ikinci kurs tələbəsi Aygül Mahmudova 2-ci yerə, birinci kurs tələbəsi Nuray Əliyeva və üçüncü kurs tələbəsi Zərifə Hasilova isə 3-cü yerə layiq görülüblər.
***
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Respublikasının Karabük Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Karabük Universitetinin rektoru Refik Polat imzalayıblar. Müqavilə çərçivəsində akademik heyətin, bakalavr, magistr və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur. Bu isə gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsini təmin edəcək.
Əsası 2007-ci ildə qoyulmuş Karabük Universitetində 52 min tələbə təhsil alır, müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.
***
Kürdəmir Rayon İcra Hakimiyyətinin və rayonun Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərtərəfli inkişafının təmin edilməsi məqsədilə Kür çayının sahilində Şüşün kəndində yay düşərgəsi təşkil olunub.
Şüşün kəndinin ən xoş və mənzərəli yerində salınmış düşərgədə keçirilən tədbirlərdə rayon gəncləri ilə bərabər, kəndin fəalları və rayon icra hakimiyyətinin könüllüləri də iştirak ediblər. Gənclər arasında şahmat, dama, domino, voleybol yarışları və turist çadırlarının quraşdırılması oyunu keçirilib. Düşərgənin sonunda gənclərin təşəbbüsü ilə ağaclara quş evləri asılıb, həmin ərazi tullantılardan təmizlənib, düşərgədə fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub.
Ə.DOSTƏLİ, “Xalq qəzeti”