Caz festivalı sona çatdı

post-img

İyulun 7-də Heydər Əliyev Mərkəzinin Parkında keçirilən V Beynəlxalq Bakı Yay Caz Günlərinin yekun konserti oldu. Oleq Lundstrem adına Caz Orkestrinin iştirak etdiyi tədbir sakinlər və şəhərin qonaqları tərəfindən rəğbətlə qarşılandı.

İlk dəfə 2019-cu ildə Bakıya gələn kollektiv o vaxtdan auditoriyamızın sevgi­sini qazanıb. Oleq Lundstrem adına Caz Orkestri unikal tarixə malik olan kollektiv­dir. 1934-cü ildə 18 yaşlı gənc cazmen Oleq Lundstremin yaratdığı və bir ildən sonra 90 illiyi qeyd ediləcək orkestr hazır­da dünyada fəaliyyət göstərən ən qoca­man caz orkestridir. Həmin fakt Ginnesin Rekordlar Kitabında da qeyd edilib. 

Çinin Xarbin şəhərində yaradılan bu orkestr müxtəlif ölkələrdə on mindən çox konsert proqramı ilə çıxış edib. Yüz min­lərlə tamaşaçı həmin konsertlərdə olub, milyonlarla insan kollektivin ifasını radio və televiziya vasitəsilə dinləyib. 

1936-cı ildə qrup üzvləri müəyyən sə­bəblərdən Şanxay şəhərinə köçür. “Yaşıl timsah” adı ilə burada da böyük uğurla­ra imza atan orkestr konsert proqramları təşkil edir və tamaşaçıların sevgisini qa­zanır. 1947-ci ildə orkestr üzvləri Tata­rıstanın Kazan şəhərinə köçür. Burada fəaliyyət göstərən musiqiçilər konserva­toriyaların birində ali musiqi təhsili alırlar. Bundan sonra, orkestrin şöhrəti bütün Avropaya və dünyaya yayılır. 

Bakıda keçirilən V Yay Caz Günlə­ri Festivalında da qrup maraqlı musiqi nömrələri ilə cazsevərlərin qarşısında çıxış etdi. Şəhər sakinləri də bu möh­təşəm musiqi kompozisiyalarından zövq almaq üçün bura toplaşmışdılar. Festi­val sevincini bizimlə bölüşən Elmar Hü­seynov bura ailəsi ilə bərabər gəldiyini dedi: “Dogma Bakımızda təşkil olunan bu möhtəşəm tədbirə ailəmlə birlikdə gəlmişəm. Övladlarım xaricdə təhsil alır. Tələbə yoldaşlarına tədbir barədə məlu­mat verirlər. Onlar da cavabında burda olmağı çox istədiklərini bildirirlər. Ailəvi olaraq caz musiqisini çox sevirik. İstəyirik ki, belə tədbirlər çox olsun”.

Qeyd edək ki, iyulun 3-dən başlayan festival Premier LTD agentliyinin təşəb­büsü və təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilib. 

 

Fidan SALMANOVA,
Elşən AĞALAROV (foto),
“Xalq qəzeti”

Mədəniyyət