Dörd element - dörd əsər

post-img

Müasir İncəsənət Mərkəzində dörd təbii elementi özündə əks etdirən dörd sənət əsəri nümayiş olunub.

Su, Hava, Torpaq və Od ünsürlərini birləşdirən bu portret şəkillər dünyanın sonsuz bir tədqiqat obyekti olduğunu sübut edir, insanları dünyaya rəssamların gözü ilə baxmağa sövq edir. 

"Dörd element" adlanan sərgi daha çox fikirlərin, düşüncələrin, anlayışların bədii səsləşməsidir... Burada hər bir müəllifin sənətə fərdi yanaşması var.

Sərgidə çıxış edən rəssam Səbinə Səfərova çəkdiyi əl işi barədə gələn qonaqlara məlumat verərək bildirdi ki, çox az ölkədə dörd elementi bir yerdə görə bilərik. Azərbaycanda isə bu belə deyil: “Abşeron bütün bu gözəllikləri eyni vaxtda özündə ehtiva edir. Bu həqiqətdən ilham alaraq, bütün dörd elementi kətan üzərində təsvir etmək qərarına gəldim və hadisələri bir mərkəzi fiqurun - şəhərimizin mədəniyyətinin ən möhtəşəm və sirli abidəsi olan Qız qalasının ətrafında cəmləşdirdim. Bütün bu elementləri bir araya gətirən Xəzər dənizi, Atəşpərəstlik məbədləri, Abşeron günəşi ilə isinən torpağımız, Bakının simvolik rəmzi olan gilavar küləyi bu əsərlərdə yer alır”.  

Rəssam Müşfiq Əliyev çəkdiyi əsərdə torpaq elementi kimi qadın obrazını seçdiyini dedi: “Burada eyni zamanda qadın tərəfindən yaradılan məhsuldarlığın və bərəkətin rəmzi olan üzüm tənəkləri əks olunub. Arxadakı mələk isə onunla bütöv bir bağlılıq təşkil edərək yer üzünü qoruyur. Onun  qanadlarında ziqzaq formalı çay və meşə təsvir olunur. Şəkildə əks olunan almaz formalı elementlərdə isə daşlar, dağlar və çöllər təsvir edilmişdir”.
   Digər rəssamlar Adil Həsənov və Emin Qəhrəmanov onlar üçün hər hansı bir elementin ilk növbədə, palitrada cəmləşdiyini vurğuladılar. Qeyd olundu ki, onların hər birində inanılmaz rəng və çalar var. Dünyamızın dörd elementinin mahiyyətini bədii şəkildə ifadə etməyə çalışmaq həlli olmayan məsələyə bənzəyir. Onlara yalnız şəkillər vasitəsilə toxunmaq olar... 

Qeyd edək ki, bu dörd elementi sevgi, sevinc, işıq və digər gözəlliklərlə birləşdirərək Tanrı tərəfindən yaradılmış ən zərif və gözəl varlıq olan qadınla da əlaqələndirirlər. 

Qadın Küləkdir... bütün məkanı özü ilə əhatə edən, özünü daha ağıllı, daha istedadlı, daha gözəl hiss etməyə imkan verən bir ilahəyə bənzəyir... Qadın alovdur… enerji verir və bunun müqabilində kənardan hərəkət gözləyir. Qadın torpaqdır… Dünyaya güc, dəstək və sabitlik bəxş edən varlıqdır. Qadın sudur… Kişilər ona sahib olmaq istəyi ilə alışıb-yanır. O isə qarşı cinsi ona həsrət duyğusu ilə baş-başa qoyur və barmaqlarının arasından su kimi axıb gedir. 

Fidan SALMANOVA,
 “Xalq qəzeti”





Mədəniyyət