Faiq Sücəddinovun “Zəfər”i

post-img

Azərbaycanın görkəmli bəstəkarı, “Şöhrət” ordenli Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Faiq Sücəddinov yaşının ağsaqqal çağında belə məhsuldar fəaliyyəti ilə seçilən sənətkarlardfandır. Son dövrlərin sanballı əsərləri olan “Zəfər” simfonik poeması və “Şuşa” oratoriyası bəstəkarın növbəri uğurlarıdır. 

Bir neçə gün əvvəl İctimai TV ilə təqdim olunan “Zəfər” sinfonik poema­sı bir daha hər kəsə müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəh­bərliyi ilə rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Şərqi Zəngəzur və Qarabağ bölgələrini işğaldan azad et­diyi qürur dolu günlərin xoş duyğularını yaşatdı. 

Faiq Sücəddinov bizimlə söhbə­tində son yaradıcılıq uğurlarından iftixarla danışdı:

– “Zəfər” simfonik poemasını yaz­mağa böyük həvəslə və məsuliyyətlə girişdim. Bu əsər 4 hissəlidir, 22 dəqiqə davam edir. Çalışmışam ki, ürəkləri həyəcanla döyündürüm, damarlarda qan qaynasın. Buna nə dərəcədə nail olduğumu seyrçilər, musiqisevərlər deyə bilərlər. Daha sonra “Şuşa” ora­toriyasını yazmışam. Bildiyiniz kimi, Şuşa mövzusu hər kəsi yüksək sənət əsəri yaratmağa sövq edən bir sevgi mənbəyidir. Mədəniyyət paytaxtımız olan Şuşaya həsr olunan hər bir sənət əsəri onun adına layiq olmalıdır. Bu oratoriya Şuşada səsləndirilib və alqış­larla qarşılanıb. 

Son əsərim isə rekviyem, xordur. İnşallah, bir gün səslənəcək. Cabir Novruzun sözlərinə romans yazmı­şam. Təbii ki, indi istəyirəm kamera orkestri üçün bir əsər yazım. Gündəlik isə yaradıcılıq prosesini davam etdi­rirəm. Xor üçün sözsüz, səslə vokaliz əsər yazmışam, notlar oradadır. Belə­cə davam edirəm yaradıcılığıma.

Bəstəkar son işlərinə aid partitura­ları da bizə göstərdi. Musiqiçi olmayan­lar üçün anlaşılmaz işarələrdən (not yazılarından) ibarət bu məcmudakı çoxsəsli musiqi partiyalarının gözəl bir əsərin ifadəsi olduğunu sövq-təbii hiss etdik.

Qeyd edək ki, sözügedən simfo­nik poemanın və oratoriyanın söz­lərinin müəllifi, AYB-nin katibi, şair Səlim Babulllaoğludur. Onun bu barədə dedikləri:

– Ünlü bəstəkarımızla birgə ya­radıcılıq işimiz 2021-ci ildə olub. Özü mənə müraciət etdi. Xəstə idim, buna görə də bəzi fraqmentləri fortepianoda ifa edərək göndərdi. İdeyanı və süjetin ana xəttini izah etdi. Deməli, əsərin hissələri sülh, işğal və atəşkəs dövrü­nü, savaş və şəhidlik zirvəsi ilə bağlı dövrü, bir də Qələbə paradına aid duy­ğuları ehtiva edir. Təxminən, ayyarıma qədər birgə çalışdıq və “Zəfər” simfonik poeması inişil noyabrın 8-də – Qələbə paradı olan gün efirə verildi.

Əsərin ifası çox peşəkar səviyyədə təqdim olunmuşdur. Xalq artisti, tenor Samir Cəfərov və xor bu işin öhdəsin­dən bacarıqla gəlib. Xormeysterlər Se­vil Hacıyeva və Zülfiyyə İbrahimovadır.

Onu da deyim ki, bir növ hazır musiqiyə söz yazmaq çətindir. Buna baxmayaraq, öhdəsindən gəlməyə çalışdım. Görünür, qaneedici alındı ki. Sonra Faiq Sücəddinovla “Şuşa” orato­riyası üzərində də birgə çalışdıq. Se­vimli bəstəkarımız çox təcrübəli, dəqiq və məsuliyyətli bir insandır, onunla ça­lışmaq olduqca xoşdur. 

Biz də görkəmli bəstəkarımıza can sağlığı və yeni sənət uğurları arzu edi­rik.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”



Mədəniyyət