Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsində şəhid olmuş Bəhrəm və İman Məmmədzadələrin atası Elman Məmmədov, şəhid Mürşüd Əhmədzadənin anası Ülviyyə Əhmədzadə, şəhid Tural Hümmətovun anası Cəmilə Hümmətova ilə görüşüb.
Milli Məclisin Mədəniyyət komitəsində baş tutan görüşdə, şəhid valideynlərinin ürək sözləri dinlənilib.
Komitə sədri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə yüksək həssasiyyətindən, diqqət-qayğısından danışıb, həmin həssaslıq və diqqət-qayğının hər bir deputat üçün də örnək təşkil etdiyini vurğulayıb. O, ümumiyyətlə, şəhidlərin ömür-gün yoldaşları, ailə üzvləri, valideynləri ilə hər bir görüşün onun üçün doğma görüş olduğunu bildirib, şəhidlərin əziz ruhuna dərin sayğılarını bildirib. Qənirə Paşayeva deyib:
“Çox şükürlər olsun, işğalçı düşməndən ağır qisas alınıb. Şəhidlərimizin qanı yerdə qalmayıb. Şuşada, Laçında, Kəlbəcərdə müqəddəs bayrağımız dalğalanır, ordumuz qüdrətlidir və öz üzərinə düşən vəzifələrə uyğun olaraq, hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Şəhid ailələrinə diqqət və qayğı hər birimizin borcudur. Vətən uğrunda canını qurban vermiş övladlarınızın timsalında bütün şəhidlərimizin əziz ruhu qarşısında dərin sayğılarla baş əyirik. Ruhları şad olsun”!
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”