Lənkəran Dövlət Dram Teatrında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirildi.
Lənkəran Dövlət Dram Teatrının direktor vəzifəsini icra edən İntiqam Hacılı çıxış edərək tamaşaçıları salamladı və onlara xoş arzularını ifadə etdi.
Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyev isə "Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzə edərək, ulu öndərin Azərbaycan mədəniyyətində və teatrın inkişafında göstərdiyi misilsiz xidmətlərdən söz açdı.
Sonra, teatr truppasının ifasında mərhum yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Prokuror” tamaşası nümayiş etdirildi.
Əsərdə gənc hüquqşünas Şöhrət Poladovun ucqar bir rayonun prokuroru kimi üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gələrək cinayətkar dəstənin zərərləşdirilməsindən bəhs olunur. Tamaşanın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Saleh Əzimzadə, Qızılgül Quliyeva, Allahverən Babayev, Hikmət Cəfərov və digərləri ifa edirlər.
Fidan HÜQUQQIZI,
“Xalq qəzeti”