Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov "Xalq qəzeti"nə bildirib ki, Ölkə ərazisində meliorativ tədbirlərin doğru zamanda aparılması nəticəsində torpaqların münbitliyi hər keçən il artır. Artıq əvvəlki illərdə əkin aparılmayan sahələrdə də müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir. Şoranlaşan torpaqlar kollektor-drenaj sistemlərinin vaxtında təmizlənməsi ilə əkinə yararlı vəziyyətə gətirilir. Hazırda bu istiqamətdə Sumqayıt Melioservis İdarəsi tərəfindən Xızı rayon ərazisində işlər həyata keçrilir. Rayon ərazisindən keçən və uzunluğu 20 km olan kollektor şəbəkəsi idarənin texnikaları vasitəsi ilə lildən təmizlənir. İdarə bu işləri bir-neçə istiqamətdə davam etdirir.
İdarə tərəfindən bu ilin əvvəlindən etibarən kollektor-drenaj sistemlərində aparılan lildən təmizləmə işləri kollektorlarda qurunt və səth sularının normal axıdılmasına, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına müsbət təsirini göstərib. Qeyd edək ki, Sumqayıt Melioservis İdarəsi Xızı rayonu ilə yanaşı Ağstafa və Qazax rayonlarında da 9 kəndin suvarma təminatını yaxşılaşdırmaq üçün meliorativ tədbirlərini davam etdirir.