Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı milli teatrımızın 150 və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının 10 illiyi münasibətilə “Gəzən kukla” adı ilə ölkə miqyaslı qastrollarını davam etdirir.
Məqsəd ölkəmizin digər rayon və kəndlərində yaşayan uşaqlarda kukla tamaşaları haqqında təsəvvür yaratmaq, onların zövqünün formalaşmasına kömək etmək, həmçinin oradakı teatr sənəti təmsilçiləri, həvəskar dram dərnəkləri və xalq teatrları ilə yaradıcılıq əlaqələri qurmaqla onlara dəstək olmaqdır.
Bu il mart ayının 10-da başlayan səfər tədbirlərinin ilin sonunadək davam edəcəyi planlaşdırılır. Ümumilikdə on rayonu əhatə edəcək layihə Quba və Şabran rayonlarında baş tutacaq. İyun ayı üçün planlaşdırılan səfərdə Kukla Teatrı və “Oyuq” teatr studiyasının aktyorları hər iki rayonun Mədəniyyət mərkəzinin səhnəsində rəngarəng tamaşalar və dolğun konsert proqramı ilə çıxış edəcəklər.
Fidan Salmanova,
“Xalq qəzeti”