18 May Beynəlxalq Muzeylər Günüdür

post-img

Dünyanın hər yerində 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.
Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə
və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il
müxtəlif deviz altında keçirilir. Bu ilin devizi isə “Muzeylərdə dayanıqlılıq və
rifah” adlanır.

Qərara aldım ki, Milli Azərbaycan Tarixi Muzeyinin binasında fəaliyyət göstərən
məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə baş çəkim. Girişdə
məni Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə İş
üzrə Şöbəsinin müdiri Zümrüd İsmayılova qarşıladı. Muzeyi ziyarət etdik. Zümrüd
xanım muzey haqqında dolğun məlumat verdi. Bildirdi ki, doqquz otaqdan ibarət
olan muzeydə Tağıyev irsini əks etdirən şəxsi əşyalarla yanaşı, yerli və xarici
ölkələrin müxtəlif tarixi dövrlərinə aid eksponatlar da sərgilənir. Zümrüd
İsmayılova burada həmçinin xarici ölkələrdən gələn qonaqların muzeyə bağışladığı
nadir tarixi nümunələrin də qorunub, saxlanıldığını bildirdi. Bura dünyanın dörd
bir yanından ziyarətçi turistlərin gəldiyi barədə də danışan Z. İsmayılova onların
Tağıyev haqqında dolğun məlumatlar əldə etmək istədiyini və belə bir muzeyin
olması ilə fəxr etdiklərini vurğuladı.

O, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinə daxil olan fondların da adını
çəkdi. Bildirdi ki, xüsusi fond, etnoqrafiya, arxeologiya, sənədli mənbələr və digər
fondlardan başqa burada 2020-ci ildən “Vətən Müharibəsi” fondu da fəaliyyət
göstərir:

“Fondda II Vətən Müharibəsi iştirakçılarına aid şəxsi əşyalar qorunub, saxlanılır.
Digər fondlarda isə muzey haqqında maraqlı məlumatları əks etdirən materiallar,
vacib əhəmiyyəti olan eksponat nümunələri və tanınmış şəxslər haqqında nəşrlər
toplusu sərgilənir”.

Zümrüd xanım muzeydəki yeniliklər və muzeylər günü ilə bağlı keçiriləcək
tədbirlər haqqında da məlumat verdi:

“Burada Azərbaycana aid qədim tarixi və müasir dövrü göstərən məlumatlar
toplusundan ibarət eksponat nümunələri də yaxın müddətdə ziyarətçilərin
istifadəsinə veriləcək. Muzeylər Gününə həsr olunan tədbirlər çərçivəsində isə
mayın 18-i saat 10:00-da Qafqazın ən böyük özəl məktəblərindən olan Landau
School-un şagirdləri üçün həm maarifləndirici, həm də intellektual xarakterli
interaktiv dərslər keçiləcək. Saat 13:00-da isə fiziki məhdudiyyətli şəxslər üçün
“Qlobal sağlamlıq və xoş rifah” şüarı altında Beynəlxalq Qrossmeyster Zeynəb
Məmmədyarovanın iştirakı ilə şahmat seansı təşkil olunacaq”.

Qeyd edək ki,18 may muzeylərə giriş ödənişsiz olacaq.

Fidan HÜQUQQIZI,
“Xalq qəzeti”



















Mədəniyyət