Azərbaycanın dostu, tanınmış şair Tahir Qəhharın yubileyi keçirilib

post-img

Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın dostu, tanınmış şairTahir Qəhharın 70 illik yubileyi keçirilib.

Tədbirdə şair və yazıçılar, elm və mədəniyyət xadimləri, şairin dostları iştirak edib.

Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq şairi Siracəddin Səyyid Tarir Qəhharı bu münasibətlə təbrik edib, şairin həyat və yaradıcılığı haqqında məlumat verib. O deyib ki, Tahir Qəhharı təkcə Özbəkistanda deyil, Azərbaycanda, Türkiyədə və digər Türk dövlətlərində də  yaxşı tanıyırıar. Bu ölkələrdə onun əsərləri çap edilib, Türk dövlətlərində keçirilən müxtəlif elmi və ədəbi məclislərdə müntəzəm olaraq iştirak edir. 

Türkiyənin Özbəkistandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Hamdi Turşuçu, professorlar Babaxan Şərif, Narzulla Kasımov, Adxambek Alimbekov və başqaları Tahir Qəhharı şair, alim və tərcüməçi kimi xarakterizə ediblər. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Kərumulla Məmmədzadə bildirib ki, Tahir Qəhharın xidmətlərindən biri də məşhur Azərbaycan və türk şairlərinin əsərlərini özbək dilinə tərcümə etməsidir. O deyib ki, Tahir Qəhhar AMM ilə də yaxından əməkdaşlıq edir. Belə ki, bu il AMM-nin sifarişi ilə Tahir Qəhhar tanınmış Azərbaycan şairi Seyid Əzim Şirvaninin 233 qəzəldən ibarət kitabını tərcümə edib və bu toplu Daşkənddə özbək diində çap olunub. 

Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə İmadəddin Nəsiminin Daşkənddə çap olunan “Cananı sevərmən” kitabı da Tahir Qəhhar tərəfindən tərcümə edilib. O, Hüseyn Cavidin Daşkənddə özbək dilində çap olunan “Seçilmiş əsərləri” kitabının tərcüməsində də iştirak edib. Şair Fərid Hüseynin “Səmərqənd divanı” kitabını da Tahir Qəhhar özvək dilinə çevirib. Tahir Qəhharla bundan sonra da əməkdaşlığımız davam edəcək, bu işdə ona uğurlar arzulayıram. 

Qulu Kəngərli 

Daşkənd



Mədəniyyət