“Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimatı olub

post-img

Mayın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dünyaşöhərtli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda da təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. AMEA-da ulu öndərin yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlər haqqında məlumat verən akademik İsa Həbibbəyli Azərbaycan elmi ictimaiyyətinin bu kimi tədbirlərlə Ümummilli Lider qarşısında mənəvi borclarını yerinə yetirdiklərini deyib. 

Akademiya prezidenti AMEA-nın müxbir üzvü Misir Mərdanovun son 20 illik dövr ərzində Heydər Əliyevə və onun epoxasına həsr olunmuş çoxsaylı kitablar ərsəyə gətirdiyini bildirib, “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının əsas xüsusiyyətləri haqqında məlumat verib. 

AMEA rəhbəri əlavə edib ki, bu kitab ümummilli liderin müstəqillik uğrunda mübarizəsini, müstəqillik əldə etmək üçün keçdiyi çətin yolu əyani şəkildə görmək üçün əhəmiyyətli mənbədir. Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Misir Mərdanovun kitabda öz müşahidələri əsasında yeni faktları, simaları və əhvalatları, eləcə də hadisə iştirakçılarının fikirlərini təqdim etdiyini vurğulayıb və əsəri yüksək qiymətləndirib. 

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək “Heydər Əliyev İli”ndə Prezident İlham Əliyevin ulu öndərin 100 illik yubileyini məhz tarixi zəfərimizin tacı olan Şuşada qeyd etməsinin, oradan xalqa müraciət etməsinin əhəmiyyətinə toxunub.

O, Heydər Əliyev haqqında yazılmış əsərlər arasında bu görkəmli şəxsiyyəti şəxsən tanıyan, onunla yaxından təmasda olanların təqdim etdiyi faktların tarixi həqiqətlərin gələcək nəsillərə dəqiqliklə ötürülməsi baxımından önəmini qeyd edib. 

Tədbirdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Yeni Azərbaycan Partiyasının (YAP) Ağsaqqallar Şurasının sədri Arif Rəhimzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov dünyaşöhrətli siyasətçinin tarixdəki rolu, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri, respublikamızın hərtərəfli inkişafına hesablanmış müdrik və uzaqgörən siyasəti barədə danışıblar. 

Sonda kitabın müəllifi AMEA-nın müxbir üzvü Misir Mərdanov ulu öndər Heydər Əliyevlə bağlı unudulmaz xatirələrini bölüşüb. O, kitabın məziyyətləri haqqında danışaraq, nəşrin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirib. 

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

 

 





Mədəniyyət