Fransız komediyası “M Teatr”ın səhnəsində

post-img

“M Teatr”ın səhnəsində fransız dramaturqu, aktrisa Yasmina Rezanın “Art” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirildi. 

Həyat, sənət və dostluq mövzularını özündə ehtiva edən bu komediya 3 dost – Serj, Mark və İvanın ağ kətan üzərində xəyali rəsm üstündə etdikləri mübahisə­dən bəhs edir. Serj modern sənətə meyil edərək böyük ölçüdə, bahalı və üzərin­də heç bir cizgi olmayan ağ bir rəsm alır. Bunu görən Mark dostunun hərəkə­tindən dəhşətə gəlir və onlar mübahisə etməyə başlayırlar. 

Mübahisə getdikcə dərinləşir və da­vaya çevrilir. Onların bu yersiz hərəkət­lərinə tab gətirməyən İvan dostlarını razı salmaq üçün araya girir və onları sakit­ləşdirməyə çalışır. Rəsm haqqında müs­bət fikirlər söyləyən İvan, eyni zamanda, əsəri tənqid etməyə başlayır. Onun zid­diyyətli fikirləri dostlarını əsəbiləşdirir. Onlar bu dəfə İvanı tənqid edirlər. 

Nəhayət, özünü müdafiə etməyi bacaran İvan hönkür-hönkür ağlayır və dostlarına izah etməyə çalışır ki, dostluq onun üçün hər şeydən önəmlidir. Boş və mənasız söhbətlərə görə yaxın əlaqələ­ri qırmağa dəyməz. Dostları İvanın pis vəziyyətdə olduğunu görüb sakitləşir və aralarında yaranan mübahisəyə son qo­yaraq barışırlar. 

Səhnə əsərinin quruluşçu rejissoru Ərturan Nəcəfi Göldür. Rolları aktyor­lar Vüqar Hacıyev, Şamil İbrahimov və Ərturan Nəcəfi Göl ifa edirlər. 

Qeyd edək ki, əsərin ilk premyera­sı 1994-cü il oktyabrın 28-də Parisdəki Şenzelize teatrında baş tutub.

 

Fidan HÜQUQQIZI,
Elşən AĞALAROV (foto),
“Xalq qəzeti”

Mədəniyyət