Özbəkistanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük konsert keçirilib.

post-img

Daşkənddə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı paytaxtdakı “Türküstan” konsert sarayında böyük konsert keçirilib.

Konsertdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın mədəniyyət və turizm naziri Azadbek Nazarbekov, Özbəkistan Millətlərarası Münasibətlər və Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Kurbanov, deputatlar, səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, ictimaiyyətin nümayəndələri, iştirak edib.

Nazir Azadbek Nazarbekov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verərək onun özbək xalqının yaxın dostu olmasından, Özbəkistanla əməkdaşlığından danışıb, Ulu Öndərin bu ölkəyə səfərlərini xatırladıb, hələ Moskvada işlədiyi dövrdən Özbəkistana xüsusi münasibət göstərdiyini vurğulayıb. Bu gün də iki qardaş ölkə arasında sıx əlaqələrin olmasından söz açan Azadbek Nazarbekov Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətlərindən də söz açıb.

Səfir Hüseyn Quliyev Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna xidmətləri haqqında məlumat verib. O, Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi vaxtlarda əldə olunan uğurlardan danışıb. 

Səfir Ulu Öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib. Bildirib ki, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olub. Səfir vurğulayıb ki, Ümummilli Liderin siyasi irsini hazırda Azərbaycan Prezidenti İlham Əliyev bu gün də böyük uğurla davam etdirir.

Özbəkistan Dövlət Simfonik Orkestrinin müşayəti ilə keçən böyük konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb. Konsertin proqramına Azərbaycan və Özbəkistan bəstəkarlarının əsərləri ifa edilib. Konsertdə Özbəkistanın tanınmış vokalistlərindən Özbəkistanın xalq artistləri Mansur Tuşmatov, Jenisbek Piyazov, əməkdar artistlər və beynəlxalq mükafat laureatları İlyasa Arabov, Firuzə Açilova, Zöhrə Tursinbayeva, Umid İsrailov, Rustam Alimardanov, Damir Rahmanov və s. sənətçilərin çıxışları olub. 

Anşlaqla keçən konsertdə  “Arşın mal alan” musiqili komediyasından Gülçöhrənin ariyası, “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı, Qara Qarayevin, Müslüm Maqomayevin, Tofiq Quliyevin, Andrey Babayevin, həmçinin digər Azərbaycan və özbək bəstəkarlarının əsərləri ifa olunub. 

Qulu Kəngərli 

Daşkənd















Mədəniyyət