3 saylı məktəbdə ulu öndərə həsr olunmuş tədbir

post-img

Bakının Binəqədi rayonundakı R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.

Tədbirdə müəllimlər, şagirdlər, valideynlər, məktəbin veteran müəllimləri ilə yanaşı ölkənin tanınmış ictimai-siyasi xadimləri də iştirak edib.

Tədbirin açılışındakı çıxışında məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət bildirib ki, yetişməkdə olan nəsil ulu öndərin mirasını dərindən öyrənməli, ondan dövlət və dövlətçilik təcrübəsini əxz etməlidir. Direktor qeyd edib ki, əsasən də məktəb uşaqları gələcək həyat yolunda məhz Ulu öndərin dövlətə və millətə sədaqətini, yorulmazlığını, prinsipiallığını örnək almalıdır.

Direktor öz qısa çıxışının ardından sözü Milli Məclisin deputatı Ceyhun Məmmədova verərək bildirib ki, şagirdlər Heydər Əliyev yolunun davamçısı olan məhz bu cür ictimai-siyasi xadimlərin fikirlərindən yararlanmalıdır.

C.Məmmədov bildirib ki, ulu öndər Azərbaycan dövlətini ən təlatümlü bir mərhələdə böyük bəlalardan xilas edərək sabitlik yoluna çıxarıb. O, H.Əliyevin istər milli, istərsə də beynəlxalq miqyasda ən sayılıb-seçilən siyasi liderlərin önündə getdiyini deyib. Deputat, eyni zamanda, özünün pedaqoji təcrübəsinə də əsaslanaraq uşaqlara çağırış edərək deyib ki, ulu öndərin miras buraxdığı dövləti daha da irəli aparmaq üçün yetişən nəsil öz üzərində çox işləməlidir.

Növbəti çıxışçı, “Bayraqdar Media”-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət isə istər sovet dönəmində, istərsə də müstəqillik illərində ulu öndərin Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutduğuna diqqət çəkib. O, həmçinin qeyd edib ki, uşaqlar onlara buraxılmış mirasa layiqincə sahiblənə bilmək üçün öz üzərlərində işləməli, elmə yiyələnməlidir. O, uşaqları dürüst, vicdanlı olmağa çağıraraq deyib ki, belədə insanın üzü həmişə ağ, alnı da açıq olur.

Daha sonra “Xalq qəzeti”nin baş redaktoru, “Şöhrət” Ordenli Əməkdar jurnalist Əflatun Amaşov ulu öndərlə bağlı şəxsi xatirələrini bölüşüb. Tədbir iştirakçılarının da maraqla dinlədiyi çıxışda o, Heydər Əliyevin istər birinci, istərsə də ikinci hakimiyyəti dönəmində Azərbaycanı məhz milli maraqlar çərçivəsində idarə etməsinə diqqət çəkib. Ə.Amaşov, eyni zamanda, ulu öndərlə görüşləri, fikir mübadiləsi, birgə işləri haqqında xatirələrini paylaşıb.

Bundan sonra çıxış edən Azərbaycan Mətbuat Şurası icraçı katibinin müavini Fəridə Ağazadə də ulu öndərlə bağlı ailəsinin xatirələrini paylaşıb. O, çıxışında qeyd edib ki, məhz Heydər Əliyevin şəxsi diqqəti sayəsində onun adi kəndli olan anası hələ sovet dönəmində ali hüquq təhsili ala bilmiş, öz karyerasını qurmuşdur.

Tədbirdə eyni zamanda Ombudsman aparatının təmsilçisi Aytən Tanrıverdiyeva və “Azərbaycan müəllimi” qəzetinin yazarı Niyazi Şərifsoy da iştirak edib.

Rəsmi hissədən sonra məktəbin bədii özfəaliyyət kollektivlərinin çıxışları təqdim edilib. Uşaqların təqdimatında Azərbaycan tarixini əks etdirən teatrlaşdırılmış səhnələr, həmçinin müxtəlif musiqi nömrələri sürəkli alqışlarla qarşılanıb. Eyni zamanda, istər rəsmi, istərsə də bədii hissə ulu öndərin həyat və fəaliyyətini əks etdirən görüntülərlə müşayiət edilib.

Tədbirin sonunda məktəbin həmkarlar komitəsinin sədri Vətən Hüseynov yubiley yaşı tamam olmuş müəllimlərə diplomlarını təqdim edib.

Anar Əli,

"Xalq qəzeti"









Mədəniyyət