Göygöldə keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 6 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar.
Turnirin ilk günündə 8 çəki dərəcəsində 138 cüdoçu medallar uğrunda mübarizə aparıb. Qızların yarışında -40 kq., -44 kq., 48 kq. və -52 kq. çəki dərəcəsində oğlanların yarışında isə -50 kq., -55 kq., 60 kq. və -66 kq. çəki dərəcələrində medalçılar bəlli olub.
Qeyd edək ki, qızların yarışında -40 kq çəkidə Nigar Məmişova qızıl, Xədicə Abdullayeva bürünc, Gülşən Hüseynova bürünc medal qazanıblar. -44 kq çəkidə Aytac Yoçuzadə gümüş,-48 kq çəkidə Vüsalə Hacıyeva qızıl medala yiyələniblər. -52 kq çəkidə Xədicə Qədəşova isə gümüş medal əldə edib.
Oğlanların mübarizəsində -50 kq çəkidə Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş medala sahib olublar. -55 kq çəkidə Mirxaliq İskəndərov qızıl, Fərid Qarayev gümüş, Ayxan Mirzəzadə bürünc, Murad Fətullayev bürünc medal qazanıblar.
-60 kq çəkidə Məhəmməd Musayev qızıl, Xanəhməd Şərifov bürünc medal əldə ediblər.
-66 kq çəkidə Cəsur İbadlı fəxri kürsünün ən yüksək zirvəsinə yüksələrək qızıl medal əldə edib. Mehdi Cəfərov isə gümüş medal qazanıb.
Elçin ABBASOV,
“Xalq qəzeti”