Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Muzey Mərkəzinin dəstəyi İlə mayın 19-da Muzey Mərkəzinin sərgi salonunda mədəniyyətimizin beşiyi Şuşa şəhərinə həsr olunmuş “Şuşa” adlı rəssamların qrup sərgisi təşkil olunacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgi qədim Qarabağın, Şuşa şəhərinin illər öncəki və bugünkü vəziyyətini geniş tamaşaçı kütləsinə təqdim etmək, doğma yurdun gözəlliklərinə korifey və müasir rəssamların gözü ilə nəzər yetirmək imkanı yaratmaq məqsədilə açılacaq.
Sərginin ekspozisiyasında 30-a yaxın rəssam və heykəltaraşın müxtəlif üslub və texnikalarda işlənmiş 40-a yaxın rəngkarlıq, heykəltaraşlıq nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunacaq.
Dillərdə dastan Şuşanın təbiəti, qədim memarlıq abidələri, dahi şəxsiyyətləri nəinki musiqi və ədəbiyyatımızda, eləcə də təsviri sənətin müxtəlif sahələrində rəssamların diqqət mərkəzində olub və daim vəsf edilib. Uzun illər bu sənətkarlar işğal altında qalan şəhəri tərənnüm etməkdən əsla vaz keçməyiblər və nəticədə Azərbaycan incəsənətinə çoxsaylı sənət inciləri bəxş ediblər.