Musiqili Teatrda “Sehrli nəğmə”

post-img

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında  sözləri Xalq şairi Bəxtiyar Vahabzadəyə, musiqisi Əməkdar incəsənət xadimi Zakir Bağırova məxsus “Sehrli nəğmə” tamaşası nümayiş olunub. Səhnənin əvvəlində demək olar ki, hər şeydən qorxan və hələ də körpə beşiyində yatmağa davam etmək istəyən balaca oğlanın gözünə əjdahalar görünür. O, yuxuda öz nağıl, qorxu və xəyallar aləminə düşür. Orada onu qeyri-adi görüşlər, çətin sınaqlar gözləyir. Bütün bunlara baxmayaraq, balaca  oğlan hər şeyin öhdəsindən gəlməyi bacarır. Anasının onu sevgisi ilə isidən isti nəfəsini duyur və səsini eşidir. Ana laylası oğlanın möcüzəli yolunda bir bələdçiyə çevrilir.

Qəhrəmanımız yuxusunda müdrik Simurq quşu, hiyləgər Qulyabanı, təhlükəli Div, zirək Cırtdan, bir-birinə aşiq olan Ay və Ulduz kimi xeyir və şəri təmsil edən nağıl personajları ilə rastlaşır. Hər bir personajla görüşdükdə o, özünün böyüməsi yolunda bir addım atır. Mənfi personajlar oğlanı daha cəsarətli edir, müsbət personajlar isə onda insanlara kömək etmək istəyi və mərhəmət hissi oyadır.

Nağıllar aləminə səyahətdə oğlanı müdrik ağsaqqal müşayiət edir. Tamaşanın sonunda məlum olur ki, həmin qoca elə oğlanın özü imiş. Balaca oğlanın həmin  nağılçı ilə əlaqəsi sayəsində gələcəkdə onun da bu ağsaqqal qoca kimi uzunömürlü və  müdrik olacağı açıq-aydın görünür.

Yuxunun sonunda oğlan bütün qorxularından azad olur, böyüyür və daha  müstəqil olur.

Tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tərəfdaşlığı ilə “Cartier Evi” tərəfindən hazırlanıb. “Sehrli nəğmə” Moskva və Sankt-Peterburqdan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə səhnələşdirilib.Tamaşada əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Zaur Əliyev, Hüseyn Əlili, Ofeliya Məmmədova, Güldanə Əzimova, Adelin Öztürk, Əli Kərimov, balet artistləri Kamran Həsənov, Aynurə Əsgərova, Mehrac Talıbzadə və digərləri, xor artistləri Fatimə Vəliyeva, Elşad Qasımov iştirak edir.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

 



Mədəniyyət