Miniatürlərin nağıl dünyası

post-img

Azərbaycanda qrafika sənətinin ilk nümunələrinə ta qədimdən rəssamların qrafik əsər lövhələrində, eləcə də Qobustan qaya rəsmlərində rast gəlinir. Təsviri sənətdə müəyyən üslubların məcmusu kimi dəyərləndirilən miniatür isə həm də müasirlik daşıyıcısı sayılır... 

Rəssamlar İttifaqının Vəcihə Səmədo­va adına Sərgi salonunda nümayiş etdirilən “Ənənə və müasirlik” miniatür sərgisi dedik­lərimizin sübutudur. Bol və parlaq rənglərlə zəngin olan sənət nümunələri əlvanlığı ilə göz oxşayır. Rəngarəng miniatürlər, illüstra­siyalarda təbiət bütün gözəlliyi ilə canlanır. Nizami Gəncəvi, eləcə də digər klassiklərimi­zin əsərlərinə, o cümlədən nağıllara çəkilmiş miniatürlər seyrçiləri heyran edir. 

Azərbaycan Rəssamlar İttifaqının səd­ri, Xalq rəssamı Fərhad Xəlilov sərgi ilə bağlı fikirlərini bölüşür və nümayiş etdirilən sənət nümunələri arasında tanınmış rəssam­larla yanaşı, gənclərin də maraqlı əsərlərinin olduğunu deyir: “Miniatür sərgisi açmaq indi o qədər də asan deyil. Miniatür tarixdə elə bir zirvəyə qalxıb ki, ənənəmizdən istifadə etməklə yeni əsərlər yaratmalıyıq. Gənclərin böyük yaradıcılıq potensialına inanırıq”. 

Daha bir istedadlı gənc rəssam – Gülxanım Əmirli ilə həmsöhbət oluram. Rəssamlıq Akademiyasının qrafika fakültə­sində təhsil aldığını deyir. Sərgidə onun qarı­şıq texnikalı dörd işi nümayiş etdirilir. Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Əflatunun çalğı aləti” əsərlərinə çəkdiyi illüstrasiyalarla tanış oluruq. Onu da öyrənirik ki, gənc rəs­sam 2020-ci ildə Rumıniyada “Nağıllar aləmi” sərgisində “Tıq-tıq xanım” əsərinə görə qızıl medal qazanıb. 

3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkə­zinin “Palitra” rəsm studiyasının rəhbəri Nərmin Abdullayeva da sərgi iştirakçıları arasındadır. O, öz yaradıcılığını inkişaf etdir­məklə yanaşı, uşaqlara da bu sənətin sirlərini həvəslə öyrətdiyini deyir: “Sərgiyə Qarabağ mövzusunda miniatür əsərim də daxil olmaq­la, silsilə işlərimi təqdim etmişəm. Sərgiyə tələbələrim də qatılıblar. Miniatür sənətinə ölkəmizdə dəyər verilməsi, sərgilərin təşkili bizi çox sevindirir”.

Aprel ayının 20-dək davam edəcək sər­giyə yaradıcı insanların, miniatürsevənlərin axını davam edir. Əminik ki, bu tədbir gələ­cək minatür rəssamlarının yetişməsi, forma­laşması üçün bir stimul rolunu oynayacaq.

Leyla QURBANOVA, “Xalq qəzeti”





Mədəniyyət