Kitabxanada “Tarixi şəxsiyyət” adlı tədbir keçirilib

post-img

Martın 13-də Respublika Uşaq Kitabxanasında 56, 144 nömrəli orta məktəblə birgə “Tarixi Şəxsiyyət” adlı tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edilib, Ulu Öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağı və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağı qeyd edib. Azərbaycan və böyük Türk dünyasının dahi oğlu Heydər Əliyevin zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutduğu bir daha vurğulanıb. Bildirilib ki, Ulu Öndər xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb.

Tədbirdə şagirdlər Ümummilli Lider Heydər Əliyev haqqında şeirlər söyləyib və Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.

Mədəniyyət