Ölkəmizdə Teatr Forumu

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu öz işinə başlayıb.

Forumda iştirak edən Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, yazıçı İlqar Fəhmi Azərbaycan teatrının maliyyə məsələlərindən söz açıb:

“Hazırda, Azərbaycanın dövlət və özəl teatrlarında maliyyə strategiyalarından danışa bilmərik. Hələ ki, belə bir strategiya mövcud deyil. Bütün bunlar olmadığına görə Azərbaycan teatrında teatr və marketing strategiyalarından da söz aça bilmərik. Amma, onu qeyd edim ki, bu çox vacibdir. Bunun üçün ilk növbədə, Azərbaycan Teatrlarının maliyyə ilə bağlı məsələlərinə diqqət yetirmək lazımdır. Yalnız, dövlət vəsaitindən asılı şəkildə fəaliyyət göstərmək teatrlarımız üçün müəyyən problemlərə yol aça bilər. Düşünürəm ki, Azərbaycanda sponsor və sponsorluq haqqında qanunun mövcud olması bu mövzuda müsbət nəticələrə gətirib çıxara bilər. Mədəniyyət sahəsinə yatırım edən böyük şirkətlərin və vergi ödəyicilərinin də olması bu işə çox böyük töhfələr verə bilər”.  

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Forumda Prezidentin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, tanınmış teatr xadimləri, incəsənət nümayəndələri və xarici qonaqlar iştirak edirlər.

İki gün davam edəcək forum çərçivəsində Azərbaycan teatrında ənənə və trendlər, milli teatrda müasir rejissor və aktyor sənəti, yenilənmə prosesində sistemli yanaşma və s. mövzular müzakirə olunacaq.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

 

Mədəniyyət