Uzaq diyarlardan gələn "Balaca şəhzadə"

post-img

Müasir teatr olan M Teatr (Mənim Teatrım) səhnəsində fransız yazıçısı Antuan de Sent-Ekzüperinin "Balaca şəhzadə" povesti əsasında hazırlanmış «O mənimdir» adlı tamaşa göstərilib.

Səhnə əsəri motorunda nasazlıq yaranmış təyyarəçinin əlacsızlıqdan Saxara səhrasına enməyi ilə başlayır. Və o, gözləmədiyi anda qəribə bir oğlanla - Balaca Şahzadə ile rastlaşır. Məlum olur ki, o balaca oğlan başqa bir səyyarədən gəlib. Balaca Şahzadə tünd və dözülməz xasiyyətli Qızılgüldən ayrılıb, dərdini azaltmaq, dost tapmaq və yeni şeylər öyrənmək üçün səyahət etmək qərarına gəlir. Getdiyi hər planetdə müxtəlif varlıqlarla - qoca Kral, Şöhrətpərəst, Əyyaş, Fənərçi, Tülkü və s. ilə tanəş olur. Sonuncu - gəldiyi Yer planetində isə təyyarəçi ilə qarşılaşır. Uzaq diyarlarda gördüyü, eşitdiyi bütün  həqiqətləri onunla bölüşür və doğma planetini geri qayıdır. Bütün bu həqiqətləri dərk edən təyyarəçi kədərlənib, məyus olur. Lakin, bütün çətinliklərə rəğmən təyyarəsini düzəldir, doğmalarının və sevdiklərinin yanına qayıdır...

Antuan de Sent-Ekzüperi yazıçı olmaqla yanaşı həm də təyyarəçi  olub. Onun bu əsəri də təyyarəçi təcrübəsi, dünyagörüşü, hiss-həyəcanı nəticəsində yaranıb.

Sonda, M Teatrın rəhbəri, Xalq artisti Vidadi Həsənov fikirlərini bizimlə bölüşdü:

 "Yer üzündə çox az adam tapılar ki, lirik, bir az da kədərli olan bu hekayəni oxumasın. Biz də M Teatr olaraq çalışırıq ki, dünyada məşhur olan yazarların əsərlərinə müraciət edək. Bunu afişamızdan da görə bilərsiniz".

Tamaşaçı qismində iştirak edən sevimli aktyorumuz olan İlqar Cahangir teatr səhnələrində gənc aktyor nəslinin yetişməsinin sevindirici hal olduğunu qeyd etdi:

«Teatr o zaman inkişaf edir ki, gənclər öz potensiallarını səhnədə göstərə bilirlər. Nə qədər ki, onlar səhnədə olacaq, teatrımız heç vaxt ölməyəcək. Hər zaman yaşayacaq».

Qeyd edək ki, tamaşanın rejissoru Gümrah Ömər, geyim rəssamı Leyla Əliyevadır.

Rolları gənc aktyorlar Cavid baba, Məleykə Cəfərova, Tohid Əzim, Elnur Tağıyev, Elçin Əmirov və Tunar Əlizadə ifa edirlər.

Fidan HÜQUQQIZI,
Elşən Agalarov (foto),
«Xalq qəzeti»





























Mədəniyyət