Ağalıda teatr günü qeyd olundu

post-img

10 mart - Milli Teatr günü münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının truppası və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupu Zəngilan rayonunun Ağalı kəndində bədii proqramla çıxış ediblər.

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin təşəbbüsü ilə reallaşan tədbirdə Ağalı sakinlərinə Azərbaycan milli teatrının tarixi, inkişaf yolu və hazırkı vəziyyəti barədə məlumat verilib.

Bildirilib ki, peşəkar teatr ənənələrinin qorunması və yaşadılmasında kukla teatrının və kuklaçılıq sənətinin özünəməxsus yeri var. Bu mənada 91 illik peşəkar tarixə malik Azərbaycan Dövlət Kukla Teatrında yüzlərlə səhnə əsəri hazırlanıb, milyonlarla uşaq və yeniyetmənin zövqünün formalaşmasında böyük rol oynayıb.

 “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr  şöbəsinin müdiri İlhamiyyə Rza təmsilçisi olduğu qurum rəhbərliyi adından kuklaçılara təşəkkür edərək yaradıcı heyətin artıq ikinci dəfədir ki, Ağalı sakinlərinin görüşünə gəldiyini və bunun kənd sakinlərinin böyük sevincinə səbəb olduğunu deyib.

Teatrın quruluşçu rejissoru, studiyanın rəhbəri Səidə Haqverdiyeva teatrda “Azərbaycan teatrı – 150” layihəsi çərçivəsində silsilə tədbirlər planının hazırlandığını və o layihələrdən birinin də məhz müxtəlif bölgələri əhatə edəcək səyyar tamaşalar həftəsi olduğunu deyib. Bu marafonunun işğaldan azad olunmuş Zəngilan torpağında, Ağalı kəndində başlamasının tarixi an olduğunu vurğulayıb. S. Haqverdiyeva yaradıcı heyətin bundan sonra da  mütəmadi olaraq ağalıların görüşünə gələcəyini deyib. 

Sonra Mirzə Fətəli Axundzadənin məşhur “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşası oynanılıb.

Qarabağ koloritli məişət mövzulu musiqili tamaşa Ağalı sakinləri tərəfindən maraqla qarşılanıb.

Bayram tədbiri “Oyuq”çuların “Can Qarabağ” adlı rəngarəng konsert proqramı ilə davam edib.

Tədbirin sonunda teatr tərəfindən hazırlanan hədiyyələr Ağalı kənd orta məktəbinin şagirdlərinə paylanılıb.

Fidan HÜQUQQIZI

“Xalq qəzeti”









Mədəniyyət