Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ABŞ universitetlərinin müvafiq fakültələri ilə əməkdaşlığda maraq göstərir

post-img

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyev ABŞ Dövlət Departamentinin Təhsil və mədəniyyət işləri üzrə Bürosunun təşkil etdiyi “Fulbright” elmi-tədqiqat proqramının xətti ilə Hüquq fakültəsinə ezam edilmiş hüquq professoru, vəkil Tomas Qlasmanla görüşüb. Əvvəlcə Z.Əliyev Hüquq fakültəsinin tarixi, tədrisin təşkili, ingilis bölməsində dərslərin keçirilməsi qaydaları, ikili diplom proqramları, həmçinin tələbələrin uğurları haqqında amerikalı professora ətraflı məlumat verdi. 

T. Qlasman Hüquq fakültəsində görülən işləri, fakültənin beynəlxalq əməkdaşlıq əlaqələrini, həmçinin tələbələrin bilik səviyyəsini yüksək qiymətləndirərək dərs dediyi ABŞ universitetlərinin Hüquq məktəblərinin (law school) Hüquq fakültəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. Tərəflər gələcək əməkdaşlıq məsələlərini müzakirə etdilər və tədris sahəsində nüfuzlu xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətini qeyd etdilər.

Qeyd edək ki, ABŞ-ın tanınmış professoru T. Qlasman həmçinin Klivlend şəhərində yerləşən “Bonezzi Switzer Polito & Hupp” hüquq bürosunun təsisçisidir. O, rəhbərlik etdiyi qurumda mülki hüquq və sığorta hüququ üzrə ixtisaslaşmış vəkil kimi çalışır. Əsas ixtisas və tədqiqat sahələri bank hüququ, vergi hüququ, əqli mülkiyyət hüququ və kommersiya hüququ ilə bağlıdır və bu sahədə bir sıra elmi əsərlərin müəllifidir.

Züleyxa ƏLİYEVA, 
BDU-nin Hüquq fakültəsinin birinci kurs tələbəsi

 

Son xəbərlər