«Gilavar Foto Klubu» ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin «Məişət zorakılığı» ilə bağlı elan etdiyi qrant müsabiqəsinin qalibi olub.
Birliyin təqdim etdiyi «Ailədə qadın və kişi bərabərliyi» layihəsi çərçivəsində bu mövzuya həsr olunan qısametrajlı bədii filmin çəkilişi nəzərdə tutulur. Layihənin rəhbəri Rəşad Mehdiyevin sözlərinə görə, ekran işinin hədəf qrupu həm gənc, həm də uzun müddət qurulan ailələridir.
«Buraya tez-tez söz-söhbətlərlə qarşılaşan, gender bərabərliyinin pozulduğu, mütəmadi olaraq qadın zorakılığı hallarının baş verdiyi, habelə, valideynləri tərəfindən istər fiziki, istərsə də psixoloji təsirə məruz qalan uşaqların yaşadığı ailələri misal göstərmək olar» - deyə, layihə rəhbəri əlavə edib.
Filmin ssenarisinin artıq hazır olduğunu, aktyor seçimlərinin tamamlandığını qeyd edən Rəşad Mehdiyev bildirib ki, filmin çəkilişlərinə yaxın günlərdə start veriləcək.
Ekran işində hazırki dövrün ən aktual mövzularından biri olan ailə-məişət problemləri bir ailənin timsalında diqqətə çatdırılacaq. Film ərsəyə gəldikdən sonra bir çox ailələrdə qadın və kişi hüquqlarının bərabərləşməsi istiqamətində müəyyən addımlar atılmasına, ailədə kişinin qadına, qadının kişiyə, valideynlərin övladlarına, övladların isə valideynlərinə olan hörmətinin, sevgisinin daha da artamasına, ailədə qadına, övladlara qarşı zorakılıq hallarının azalmasına müsbət təsirinin olacağı gözlənilir. Film ailə möhkəmliyini təmin edən dəyərlərin yayılmasına böyük töhfə verəcək.
Qeyd edək ki, filmin çəkilişləri öz sahəsində uğur qazanmış peşəkar komandaya həvalə olunub. Çəkilişlər və montaj işləri yekunlaşdıqdan sonra filmin təqdimat mərasimi keçiriləcək. Eyni zamanda, çəkiliş prossesi zamanı lentə alınan fotolardan ibarət sərginin təşkil edilməsi də nəzərdə tutulur.