Məşhur kinodramaturqun abidəsi önündə...

post-img

Birinci Fəxri Xiyabanda Azərbaycanın Xalq yazıçısı və kinorejissor Rüstəm İbrahimbəyovun xatirəsinə ucaldılan qəbirüstü abidənin açılış mərasimi olub.

Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri, aktyor Rasim Balayev kinorejissorun vəfatının xalqımız üçün çox böyük itki olduğunu qeyd edib:

"İllər tez-tez keçir. Biz nə qədər çalışsaq da,onun xalqı üçün gördüyü işləri təkrar edə bilmərik. Elə adam var evdən gedir, elə adam da var eldən. Rüstəm sənəti, qabiliyyəti, intellektual səviyyəsi ilə bütün dünyada məşhur adam idi. Getdiyi hər bir yerdə Azərbaycanı çox böyük ustalıqla təmsil  edirdi".

Yazıçı Çingiz Abdullayev Rüstəm İbrahimbəyovun kinorejissor kimi altı dəfə dövlət mükafatı aldığını bildirib: 

“Rüstəm İbrahimbəyov yeganə kinorejissordur ki, altı dəfə dövlət mükafatına layiq görülüb: Bir dəfə SSR, bir dəfə Azərbaycan və dörd dəfə Rusiya. Mən fəxr edirəm ki, bizim belə yazıçımız və dostumuz olub”.    

Yazıçı, həmçinin kinorejissorun qəbirüstü abidəsini bəyəndiyini də vurğulayıb:

"Rüstəm sağ olsa idi, özü də bu abidəni bəyənərdi. Bunu kim düşünüb və düzəldibsə ona halal olsun. Çox gözəl abidədir".

Açılış mərasimində Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Rasim Balayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Rüstəm İbrahimbəyovun ailə üzvləri və digər görkəmli sənət ustaları iştirak ediblər.

Fidan HÜQUQQIZI

“Xalq qəzeti”

Mədəniyyət