Konfransda qlaukoma ilə bağlı yeniliklər təhlil edilib

post-img

Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmişdir. Xatırladaq ki, dünyanın bir çox ölkəsində qeyd edilən Beynəlxalq Qlaukoma Həftəsi bu il martın 12-dən 18-dək keçirilir. Qlaukoma Həftəsi Dünya Qlaukoma və Dünya Qlaukomalı Xəstələr assosiasiyaları arasında ortaq təşəbbüsdür.

“Dünyada qlaukomadan əziyyət çəkənlərin sayı 80 milyon nəfərdən çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlaukoma korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir. Qlaukoma ilə bağlı diaqnostika və müalicəni müzakirə etmək, yeniliklərin təhlil etmək məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ənənəsinə sadiq qalaraq Azərbaycan Oftalmoloqlar Cəmiyyəti ilə birgə Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirir. Konfransda paytaxtla yanaşı, regionlardan olan mütəxəssislər də iştirak edirlər. Eyni zamanda, Türkiyədən olan alimlər onlayn formada qoşularaq təcrübələrini bölüşür, yenilikləri müzakirə edirlər”.

Bu fikirləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, təşkilati-metodik bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib. O, göz xəstəliklərinin erkən müayinəsi, diaqnostikası və korluğun qarşısının alınması məqsədilə mərkəzin mütəmadi olaraq paytaxt və regionlarda oftalmoloji aksiyalar həyata keçirdiyini də diqqətə çatdırıb.

Konfransda qlaukomanın müasir diaqnostik təhlili, müalicəsi müzakirə edilib, xəstəliklərin aradan qaldırılması ilə bağlı  fikir mübadiləsi aparılıb. Konfrans təşkilat komitəsinin üzvləri dr. Ceyhun Nəzərli, t.e.d. Hicran Namazova, t.ü.f.d. Mətanət Əfəndiyeva, t.ü.f.d. Yazgül Abdıyeva və moderatorlar t.e.d., prof. Kərimov Kərəm, t.e.d. Bağırov Nizami, t.ü.f.d. Əhmədova Aybəniz, t.ü.f.d.  Həsənov Cəmil, t.ü.f.d. Qədimova Firəngiz, t.ü.f.d. Əfəndiyeva Mətanət, t.ü.f.d.  Həsənova Nigar, dr. Pirmətov Məhərrəm tərəfindən həyata keçirilib.

Milli Oftalmologiya Mərkəzinin pediatr-oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Nigar Həsənova “Pediatrik afakik qlaukoma” mövzusunda çıxışı zamanı deyib ki, dünyada hər il 30 min körpə anadangəlmə katarakta ilə doğulur və hazırda dünyada anadangəlmə kataraktası olan 200 min uşaq var.

Mütəxəssis bildirib ki, üçüncü dünya ölkələrində katarakta səbəbindən uşaq korluğunun rastgəlmə tezliyi daha yüksəkdir: “Kataraktanın cərrahiyyə əməliyyatından sonra baş verən ikincili qlaukoma ən təhlükəli ağırlaşma hesab olunur. Pediatrik afakik qlaukomanın rastgəlmə tezliyi 15–45 faiz arasında dəyişir. Həmin oftalmoloji xəstəliyi olan uşaqlara diaqnoz qoymaq çətindir, çünki yüksək gözdaxili təzyiqə baxmayaraq, uzun müddət onlarda başqa əlamət müşahidə edilmir. Əlamətlər özünü gec biruzə verdiyindən anadangəlmə qlaukoma əlamətləri müşahidə olunmur.

Uşaqlarda lensektomiya (gözə linza qoyulması) təkmilləşdirilmiş texnika və alətlərlə aparılır. Lakin əməliyyatdan sonrakı beş il ərzində 40 faiz hallarda ağırlaşma baş verir. Əməliyyatın vaxtının ikincili qlaukomaya ən çox təsir edən amil olması sübuta yetirilib. Belə ki, əməliyyat uşağın 4–8 həftəsindən sonra aparılanda risk azalır. Erkən müdaxilə zamanı isə qlaukoma riski yüksəkdir və uşaq böyüdükcə proqressivləşən gedişata malik olur. Ümumiyyətlə, pediatrik afakik qlaukoma lensektomiyanın ağırlaşması olaraq dünyada uşaq korluğunun əsas səbəblərindən biridir. Lensektomiyanın körpənin 12-ci həftəsinə qədər təxirə salınması ikincili qlaukoma riskinin xeyli azalmasına gətirib çıxarır".

Konfransda, həmçinin “Glokomda cerrahi karar ve ameliyat sonrası hasta takibi”, “Neovaskulyar qlaukomada pars plana vitrektomiya və pars plana Baerveldt implantasiyasının tətbiqi”, “Oftalmohipertenziya. Diqqətdən kənar qalan nədir?”, “Qlaukoma üzrə klinik halların təqdimatında interaktiv texnologiyaların tətbiqi”, “Üveitik glokom tedavisi”, “Uveal qlaukoma zamanı neyroprotektor terapiyanın tətbiqi”, “Oftalmoloji yardımın III etapında qlaukoma diaqnozu ilə pasientlərin klinik xüsusiyyətləri” və digər mövzuları əhatə edən məruzələr və çıxışlar dinlənilib. 

Qeyd edək ki, Azərbaycan səhiyyə, xüsusilə də oftalmologiya sahəsində son illər bir çox yeniliklərə imza atıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə də, paytaxtda  və regionlarda keçirlən konfranslarda da əsas məqsəd oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi  və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə keçirilən beynəlxalq və elmi konfranslar buna nümunədir. 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”







Sosial həyat