Azərbaycan-Özbəkistanın tədris müəssisələri arasında əməkdaşlıq

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Daşkənddəki Dövlət sənət və mədəniyyət institutunun rektoru Eldar Şermanovla görüşüb. 

İnstitutda keçirilən görüşdə rektor Özbəkistan-Azərbaycan arasında mövcud əlaqələrin dövlətlərarası münasibətlərin genişlənməsi fonunda daha da möhkəmləndiyini, Özbəkistan dövlət rəhbərliyinin Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi diqqət yetirdiyini vurğulayıb. Eldar Şermanov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycandakı ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. 

Samir Abbasov qardaş Özbəkistanla mədəni əlaqələrin daha da genişlənidirlməsi və inkişafının prioritet olduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistan Respublikasına üç səfərinin olduğunu xatırladaraq Azərbaycan dövlətinin Özbəkistanla əlaqələrə və əməkdaşlığa mühüm əhəmiyyət verdiyini və eyni zamanda Prezident İlham Əliyevin Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair konkret tapşırıqların olduğunu diqqətə çatdırıb. 

Direktor Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda layihələr, tədbirlər, konfranslar, sərgi və müsabiqələr, konsertlər keçirəcəyini vurğulayıb.  

S.Abbasov 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Mədəniyyət Mərkəzinin silsilə tədbirlər planlaşdırdığını və bu tədbirlərdə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun da yaxından iştirakını arzu etdiyini bildirib. 

Direktor bu universitetlə sıx əməkdaşlığın qurulması üçün konkret təkliflərlə çıxış edib. O, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzi tərəfindən cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulmuş Azərbaycan mədəniyyətinə həsr olunan tədbirlər çərçivəsində Sənət və Mədəniyyət İnstitutu ilə birgə layihələrin reallaşdırılması, İnstitutda bir günün Azərbaycan mədəniyyətinə həsr edilməsini təklif edib. Azərbaycan mədəniyyəti günündə Azərbaycan musiqisi, bəstəkarların əsərlərindən ibarət dostluq konsertinin təşkili, rəqs sənətimiz, yeni filmlərimizin təqdimatı, milli libaslar, xalçaçılıq və mətbəx mədəniyyətinə dair sərginin təşkili də nəzərdə tutulur. 

Samir Abbasov azərbaycanlı müəlliflərin əsərlərindən əsasında institut tələbələri tərəfindən teatr tamaşasının hazırlanması, institutun foto ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı və dəstəyi ilə “Azərbaycan Özbəkistan gənclərinin gözü ilə” adlı fotosərginin təşkili təklifini irəli sürüb. 

Direktor “Heydər Əliyev ili” münasibəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın 3 aparıcı universitetinin əlaçı tələbəsi üçün “Heydər Əliyev təqaüdü”nün təsis edildiyini və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun bir əlaçı tələbəsinin bu təqaüdə layiq görüləcəyini bildirib.

O, il ərzində İnstitutda “Heydər Əliyev və Özbəkistan” adlı seminarların təşkili,  Sənət və Mədəniyyət İnstitutu tələbələrinin qruplar şəklində mütəmadi olaraq Mədəniyyət Mərkəzindəki kurs və dərnəkləri, muzeyləri ziyarət etmələri, Azərbaycan və Özbəkistan dövlətləri arasında tələbə, müəllim mübadiləsi proqramlarında yaxından iştirak etmək, institutun tədris proqramına Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı mövzular salınması, Mədəniyyət Mərkəzinin də iştirakı və köməkliyi ilə tələbələrə bu mövzular üzrə seminarların təşkil edilməsi, mərkəz tərəfindən keçiriləcək mədəniyyət və incəsənət tədbirlərində, müsabiqə və proqramlarda, layihələrdə institut tələbələrinin aktiv iştirakını təklif edib. 

Görüşün sonunda Mədəniyyət Mərkəzi tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin özbək dilində tərcümə və nəşr edilmiş “Xəmsə”si və “Kitabi-Dədə Qorqud” dastanının nəfis nəşrləri Eldar Şermanova  hədiyyə edilib.

Sonda qonaqlar İnstitutun fakültələri ilə tanış olub, institutun tələbələrindən ibarət  “Folklor və xalq çalğı alətləri ansamblının” musiqi çıxışlarını izləyiblər.

 

Qulu Kəngərli 

Daşkənd

Mədəniyyət