Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anım günüdür.
AZƏRTAC xəbər verir ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun vəfatından 39 il ötsə də onun yazdığı əsərlər bu gün də aktualdır və hər zaman sevilə-sevilə dinlənilir.
Xatırladaq ki, 2022-ci ildə bəstəkarın anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə və ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunub. Xüsusi ilə qeyd etməliyik ki, Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley ötən il noyabrın 3-də Parisdə, UNESCO-nun mənzil-qərargahında qeyd edilib.
Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə isə Bakı Konservatoriyasına daxil olub. Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.
Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı “Şur” simfonik muğamıdır. Sonralar o, bu janrda “Kürd-ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Simfonik muğam janrında Fikrət Əmirov iki klassik musiqi janrını muğamı və simfoniyanı üzvü-surətdə qovuşdura bilib. Odur ki, simfonik muğam janrında muğama və simfoniyaya xas olan forma, quruluş, inkişaflı süjet xətti və s. cəhətlər öz əksini tapır. Məhz buna görə də bəstəkarın simfonik muğamları dünyanın müxtəlif ölkələrində səslənib, Niyazi, G.Rojdestreenski, Stokovski, Abendrot və başqa məşhur dirijorlar bu əsərlərin interpretatoru olub. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfonizminin ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.
Onu da qeyd etməliyik ki, Fikrət Əmirovun yaratdığı bu janr digər bəstəkarlar üçün də bir mənbə oldu. Belə ki, ondan sonra Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, V.Adıgözəlov “Segah”, T.Bakıxanov “Humayun”, “Nəva” və s. simfonik muğamlar yazıblar.
Ümumiyyətlə, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir.
Bəstəkarın böyük istedad və yüksək professionallıqla qələmə aldığı əsərlər bu gündə böyük maraq və sevgi ilə dinlənilir. “Sevil” operası, “Ürəkçalanlar”, “Gözün aydın” musiqili komediyaları, “Nəsimi” dastanı, “Min bir gecə”, “Nizami” baletləri, “Azərbaycan süitası”, “Simfonik rəqslər”, “Azərbaycan qravürləri”, fortepiano üçün “12 miniatür” uşaq pyesləri, skripka ilə fortepiano üçün “Muğam poema”, “Sonata” müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yarada bilib. Bu sənət dünyasının əsas qayəsi onun ürəyindən süzülüb gələn gözəl melodiyalardır. Fikrət Əmirov yaradıcılığının əbədiyaşarlığı da həmin gözəl melodiyaların ustalıqla musiqi dilinə çevrilməsidir.
Fikrət Əmirov sənəti daim yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Amma sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o daim xalq musiqisindən bəhrələnib. Bu mənada bəstəkarın çoxlu sayda xalq mahnıları və rəqsləri əsasında işləmələrini, bu nümunələrdən öz əsərlərində istifadə etməsini misal göstərə bilərik. Bir sözlə, Fikrət Əmirov xalq musiqimizə sadəcə bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb.
Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.