Kosmosda ulduzlara bağlı olmayan, sərbəst hərəkət edən kürə formalı obyektlər mövcuddur. Bu obyektlər “yetim planetlər” adlanır. Onlar demək olar ki, işıq saçmadığı və çox az işıq əks etdirdiyi üçün müşahidə edilməsi çətindir. Buna baxmayaraq, beynəlxalq astronomlar qrupu nadir bir təsadüf nəticəsində belə bir planeti aşkar etməklə yanaşı, onun kütləsini də yüksək dəqiqliklə ölçməyə nail olub.
Adətən planetlər bir ulduzun ətrafında dövr edir. Lakin alimlərin fikrincə, bəzi planetlər müxtəlif kosmik hadisələr nəticəsində öz sistemlərindən qoparaq təkbaşına kosmosda hərəkət edə bilir. Digər ehtimala görə isə bu planetlər ulduzlararası qaz və tozdan birbaşa formalaşır. Bu səbəbdən onlara “yetim planetlər” deyilir.
Yetim planetləri adi teleskoplarla görmək mümkün deyil. Onlar ulduzlar kimi işıq saçmır və ətrafdan gələn işığı da çox zəif əks etdirir. Buna görə astronomlar onları tapmaq üçün qravitasiya mikrolinzalanması adlı üsuldan istifadə edirlər. Bu üsula görə, planet uzaq bir ulduzun qarşısından keçərkən onun cazibə qüvvəsi ulduzun işığını gücləndirir və ulduz qısa müddətə daha parlaq görünür.
Bu metod planetin mövcudluğunu göstərsə də, onun kütləsini və məsafəsini dəqiq müəyyənləşdirmək həmişə mümkün olmur. Bu səbəbdən indiyədək aşkar olunan bir çox yetim planet namizədi tam təsdiqlənməyib.
2024-cü ildə Koreya və Polşa teleskopları bir ulduzun qısa müddətli parlaqlıq artımını qeydə alıb. Eyni vaxtda “Qaya” kosmik rəsədxanası da həmin hadisəni müşahidə edib. Yerüstü və kosmik müşahidələrin birləşdirilməsi alimlərə planetin məsafəsini və kütləsini dəqiq hesablamağa imkan verib.
Məlum olub ki, bu "yetim planet" Yerdən təxminən 10 min işıq ili uzaqdadır. Onun kütləsi Yupiterin kütləsinin təxminən beşdə biri, yəni Saturnun kütləsinə yaxındır. Bu, kütləsi yüksək dəqiqliklə ölçülmüş ilk "yetim planet" hesab olunur.
Bu kəşf göstərir ki, "yetim planetlər" həqiqətən mövcuddur və əvvəl düşünüləndən daha çox ola bilər. Alimlər hesab edir ki, indiyədək tapılmayan bir çox belə planet texniki imkanların məhdudluğu səbəbindən aşkarlanmayıb.
Mütəxəssislər gələcəkdə yeni teleskopların bu cür planetlərin daha çoxunun tapılmasına kömək edəcəyini bildirirlər. NASA-nın 2027-ci ildə buraxmağı planlaşdırdığı “Nensi Qreys Roman” kosmik teleskopunun "yetim planetlər"in öyrənilməsində mühüm rol oynayacağı gözlənilir.
Hazırladı:
S.ELAY
XQ

