Alimlər uzun müddət düşünürdülər ki, Venera öz oxu ətrafında tərsinə fırlanmağa başqa bir planetlə güclü toqquşmadan sonra başlayıb. Amma yeni araşdırmalar göstərir ki, buna səbəb mütləq böyük bir fəlakət olmaya da bilər.
Günəş sistemində planetlərin əksəriyyəti Günəşlə eyni istiqamətdə fırlanır. Venera isə istisnadır: o, çox yavaş və əks istiqamətdə fırlanır. Venerada bir sutka 243 Yer günü çəkir, halbuki onun Günəş ətrafında bir ili 225 gündür. Yəni Venerada “gün” ildən də uzundur.
Braziliyalı alim Silvio Ferraz-Mello hesab edir ki, bunun əsas səbəbi Veneranın çox qalın və ağır atmosferidir. Bu planetdə hava təzyiqi Yer kürəsindəkindən təxminən 90 dəfə güclüdür.
Alim kompüter modeli ilə göstərib ki, əgər Veneranın atmosferi olmasaydı, planet zamanla normal istiqamətdə fırlanardı və hətta Ay kimi Günəşə həmişə eyni tərəfi ilə baxardı. Deməli, Veneranın indiki qeyri-adi fırlanmasında atmosfer həlledici rol oynayır.
Günəş Veneranın gündüz tərəfini qızdıranda atmosfer bir az “şişir” və bu şişkinlik planetin fırlanmasına təsir göstərir. Bu təsir fırlanmanı sürətləndirir. Eyni zamanda Günəşin cazibə qüvvəsi əksinə, fırlanmanı zəiflətməyə çalışır. Bu iki təsir bir-biri ilə mübarizə aparır.
Bundan başqa, atmosfer yaranarkən planetin daxilindən çoxlu maddə çıxıb və bu da Veneranın fırlanmasını getdikcə yavaşladıb. Nəticədə planet tədricən tərsinə fırlanmağa başlayıb.
Alimlərin fikrincə, bu hal nadir deyil. Gələcəkdə kəşf ediləcək bəzi uzaq planetlərin də tərsinə fırlanması təəccüblü olmamalıdır. Hələlik isə məlum olan minlərlə ekzoplanetin heç birində fırlanma istiqamətini dəqiq ölçmək mümkün olmayıb.
Hazırladı:
S.ELAY
XQ

