bp şirkəti Azərbaycanda inklüziv cəmiyyətin təşviqi, inklüziv təhsilin inkişafı və görmə məhdudiyyətli şəxslərin sosial inteqrasiyasının gücləndirilməsinə yönəlmiş sosial təşəbbüsü uğurla başa çatdırıb. Layihənin məqsədi ölkə üzrə 40 mindən çox görmə məhdudiyyətli insanın, o cümlədən təxminən 9 min uşağın mütaliə tələbatını ödəmək üçün brayl əlifbasında nəşr olunmuş Azərbaycan və xarici ədəbiyyat nümunələrindən ibarət müasir kitabxana yaratmaqdır.
Bu təşəbbüs müasir ədəbiyyat nümunələrini Azərbaycan dilində hazırlayaraq ölkənin mərkəzi kitabxanaları vasitəsilə oxuculara çatdırmaqla yanaşı, brayl əlifbasında dayanıqlı mütaliə vərdişlərinin formalaşmasını dəstəkləyən dəyərli resurs bazasının yaradılması baxımından da çox əhəmiyyətlidir.
Layihə Azərbaycan və dünya ədəbiyyatından 19 seçmə əsərin Brayl əlifbasında nəşrini əhatə edir. Hər bir kitab ölkə üzrə görmə məhdudiyyətli insanların mütaliə ilə bağlı maraq və ehtiyacları nəzərə alınmaqla diqqətlə seçilib. Seçilmiş əsərlərin müəllifləri sırasında İsa Muğanna, Anar, Elçin, Sabir Əhmədli, Mövlud Süleymanlı, Çingiz Hüseynov, Kobo Abe, Henrix Heyne, Oskar Uayld, Əli Kərim, Vaqif Səmədoğlu və bir çox digər görkəmli yazıçı və şairlərin adları var.
Kitabların təqdimatı münasibətilə keçirilmiş tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Biz Azərbaycanda bilik, mədəniyyət və ədəbiyyatı görmə məhdudiyyətli minlərlə insan üçün daha əlçatan etməkdən qürur duyuruq. Ədəbiyyatı brayl əlifbası ilə nəşr edərək daha əlçatan etməklə, hamının ölkənin həm mədəni, həm də təhsil həyatında bərabər iştirakını dəstəkləmək və ana dilimizdə davamlı oxu mədəniyyətinin inkişafına töhfə vermək istəmişik. İnanırıq ki, bu layihə cəmiyyətimizin çoxsaylı həssas bir qrupu üçün faydalı olmaqla yanaşı, dəyərli təcrübənin yayılması baxımından da əhəmiyyətli bir sosial təşəbbüsdür”.
Xatırladaq ki, layihənin reallaşdırılmasına 133 min manat (78 min 235 ABŞ dolları) xərclənib. Bu məbləğə əsərlərin Brayl əlifbasında yığılması, redaktə və korrektəsi, eləcə də kitabların dizayn və səhifələmə işləri, habelə 19 adda nəşrin xüsusi kağızda çapı və cildlənməsi xərcləri daxildir. Hər biri 100 nüsxə olmaqla, 19 adda, ümumilikdə, 1900 kitab nəşr olunub. Layihə “Azərnəşr” tərəfindən həyata keçirilib.
XQ


