Şaxtavurmaya sığorta ödənişi

post-img

Son günlər ölkəmizin müxtəlif ərazilərində müşahidə edilən qeyri-sabit, yağıntılı və şaxtalı hava şəraiti digər sahələrlə yanaşı, kənd təsərrüfatına da təsir edir. Bu səbəbdən də Aqrar Sığorta Fondu qeyri-sabit hava şəraitində fermerləri öz əkin sahələrini, xüsusilə də meyvə bağlarını şaxtadan və qar yağmasından sığortalamağa çağırır. Bununla yanaşı, əkinlərini sığortalamış fermerlər öz bağlarındakı vəziyyəti izləməyə və hadisə baş verdikdə bu barədə quruma vaxtında müraciət etməyə dəvət olunur.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən şaxtavurma (donvurma) və normadan artıq qar yağması riskindən də sığortalayır. Bu hadisələr nəticəsində əkin sahəsinə dəymiş zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır.

Artıq şaxtavurma riski üzrə fermerlərə ödənişlər də başlayıb və proses sürətlə artmaqdadır. İndiyədək Aqrar Sığorta Fondu tərəfindən şaxtavurma (donvurma) hadisələri üzrə 915 min manat sığorta ödənişi həyata keçirilib. Aqrar sığorta ödənişləri badam, şaftalı, nektarin, limon, naringi, portağal, ərik, gavalı, gilas meyvələri üzrə həyata keçirilib.

Şaxtavurma riskindən sığortaya böyük maraq səbəbindən sığorta ödənişləri də hər il sürətlə artmaqdadır. Belə ki, 2023-cü ildə şaxtavurma (donvurma) riski üzrə cəmi 5 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişləri 130 min manata, 2025-ci ildə isə 780 min manata yüksəlib.

Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 41 bitki növü və bitkiçilik məhsullarını, eləcə də heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarını sığorta edir. Fond meyvə bağlarını və məhsulu dolu, fırtına-qasırğa, sel və subasma, normadan artıq qar yağıntaları, doludan keyfiyyət itkisi, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən sığorta edir. Sığorta haqqının 50 faizini isə fermerin yerinə dövlət ödəyir.

XQ

İqtisadiyyat