1993-cü il Azərbaycan üçün həlledici bir il idi. Ölkə ağır siyasi böhran içində, parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Müstəqilliyimiz isə əlçatmaz bir xəyala çevrilmək təhlükəsi ilə üzləşmişdi. Lakin bu çətin dönəmdə Azərbaycan xalqının böyük gücü və ümid yeri vardı. Ulu öndər Heydər Əliyev xalqının sevgisini qazanmış, dövlətçiliyə sadiq və bütün fəaliyyətini Vətənin gələcəyi uğrunda yönəldən böyük bir lider kimi son ümid idi.
Xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev təkcə ölkəni böhrandan çıxarmadı, Azərbaycan üçün möhkəm dövlətçilik prinsiplərini müəyyənləşdirdi, müstəqil siyasət yolunu və iqtisadi inkişaf strategiyasını yaratdı. Onun uzaqgörən və praqmatik siyasəti ölkəmizi beynəlxalq arenada etibarlı tərəfdaşa çevirdi. Eyni zamanda gələcək nəsillər üçün yeni lider yetişdirdi, dövlətçiliyin davamlılığını təmin etdi. Bu, Vətənə xidmətin ən ali nümunəsi və ən böyük missiyası kimi yadda qaldı.
2003-cü ilin oktyabrında Heydər Əliyev xalqa müraciət edərək İlham Əliyevi öz siyasi varisi kimi təqdim edərək seçiciləri ona dəstək olmağa çağırdı və hamımızı əmin etdi ki, gələcəkdə Azərbaycanın taleyüklü məsələlərini İlham Əliyev uğurla həyata keçirəcək. Tarix sübut etdi ki, Ulu öndər haqlı idi.
Prezident İlham Əliyev ölkə başçısı kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycan xalqının etimadını doğrultdu. Dövlətçilik ənənələrinə sadiq qalaraq müasir idarəetmə sistemini qurdu, ölkəmizi həm regional, həm də qlobal səviyyədə nüfuzlu dövlətə çevirdi. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etdi, ölkəmiz beynəlxalq dialoqun və əməkdaşlığın vacib mərkəzi oldu.
Ancaq Azərbaycan üçün ən böyük hədəf Qarabağın işğaldan azad olunması idi. Uzun illər davam edən sülh danışıqlarında Prezident İlham Əliyev milli maraqlardan geri çəkilməyəcəyini açıq şəkildə bəyan etdi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun gücü və Ali Baş Komandanın siyasi qətiyyəti işğalçı qüvvələrin müqavimətini sındırdı. “Dəmir Yumruq” əməliyyatı ilə torpaqlarımız geri alındı, ərazi bütövlüyümüz bərpa olundu. Beləliklə, Azərbaycan tarixi yeni bir səhifə açdı və Prezident İlham Əliyev iki əsrlik tariximizdə torpaqları birləşdirən lider kimi adını qızıl hərflərlə yazdı.
Bu uğurlar yalnız hərbi qələbə ilə yadda qalmadı. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunu artırdı, ölkəmizi regionda lider və qlobal siyasət arenasında etibarlı tərəfdaş halına gətirdi. Onun siyasəti nəticəsində Azərbaycan iqtisadiyyat, enerji və nəqliyyat sahələrində strateji mərkəzə çevrildi, beynəlxalq əməkdaşlıq platformalarında söz sahibi oldu.
Prezident İlham Əliyev həm də xalqın milli birliyini təmin edən, sosial rifahı yüksəldən və gələcəyə ümid yaradan liderdir. Onun qətiyyəti, uzaqgörənliyi və dövlətçilik prinsiplərinə sədaqəti müasir Azərbaycan dövlətinin dayanıqlı inkişafının əsasını təşkil edir.
Xalqımızın bəxti onda gətirdi ki, Azərbaycan öz taleyini İlham Əliyev kimi islahatçı və qətiyyətli bir liderə həvalə edə bildi. Onun rəhbərliyi qürur mənbəyi və uğurlu addımlarla irəliləməyimizin möhkəm təminatıdır. Bu siyasətin davamı kimi Azərbaycan artıq yalnız regionun lideri deyil, qlobal siyasətdə söz sahibi, hörmətli və nüfuzlu bir dövlət kimi tanınır. İftixarla qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev ölkəmizi inkişaf və sabitlik yolunda aparır, xalqın etimadını doğruldur. Onun uzaqgörən siyasəti hər uğurumuzu daha parlaq edir, Azərbaycanın gələcəyini möhkəmləndirir. Ölkə başçısının liderliyi ilə ölkəmiz həm regionda, həm də beynəlxalq aləmdə nüfuzunu artırır, gücünü və sözünü qoruyur.
Dünyanın hər yerində yaşayan azərbaycanlılar sevgi və inam ünvanı olan Prezident İlham Əliyevin liderliyinin xoşbəxtliyini yaşayır. Qüdrətli bir dövlətin, böyük xalqın gələcəyini təmin edən Azərbaycan lideri ölkəmizi həm regionda, həm də qlobal səviyyədə söz sahibi edən simvol kimi hər zaman tariximizin parlaq səhifələrində qalacaq.
Subut Əsədov,
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
Nizami Rayon Komitəsinin sədri


